Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Nəsimi rayon təşkilatı tərəfindən ilkin mərhələdə müəyyən tədbirlər həyata keçirilib. Rayon təşkilatından "Səs" qəzetinə verilən məlumata əsasən, 7 avqust tarixində YAP Nəsimi rayon təşkilatının şura iclası keçirilib: "Şura iclasında 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlığın vəziyyəti müzakirə olunub və iclasda müvafiq qərarlar qəbul edilib. Belə ki, 23 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi yaradılıb. Seçki Qərargahı üçün təşkilatın ofisində hər cürə texniki avadanlıqlarla təchiz edilmiş xüsusi otaq ayrılıb. Burada gün ərzində Seçki Qərargahı üzvlərindən ibarət növbətçilik cədvəli müəyyənləşdirilib. 13.08.2015-ci il tarixində keçirilən iclasda Seçki Qərargahı üzvlərinin vəzifələri müəyyənləşdirilib və onlar arasında iş bölgüsü aparılıb. Hazırda rayon ərazisi üzrə hər dairə və məntəqələr üzrə müşahidəçilərin və məşvərətçilərin sənədləri hazırlanıb, 162 nəfərdən ibarət siyahı YAP Mərkəzi Seçki Qərargahına göndərilib. YAP tərəfindən rayon ərazisində irəli sürüləcək namizədlər üçün imza toplayacaq 25 nəfər partiya fəallarından ibarət siyahı hazırlanıb və onlarla müvafiq treninq keçirilib. Ölkədə keçirilən parlament seçkilərində fəal iştirak etmək üçün YAP Nəsimi rayon təşkilatının qadınlar şurası və gənclər birliyi öz iclaslarını keçirib və müvafiq fəaliyyət planı hazırlanıb".
Onu da bildirək ki, rayon üzrə seçki məntəqələrinin ərazisində seçicilərin siyahıları dəqiqləşdirilib və siyahıların yenilənməsi işi davam etdirilir. Nəsimi rayonu ərazisində 3 dairə, 78 məntəqə fəaliyyət göstərir: 21 saylı Nəsimi I DSK - 29 məntəqə, 33368 seçici, 22 saylı Nəsimi II DSK - 28 məntəqə, 38160 seçici, 23 saylı Nəsimi-Səbail DSK - 21 məntəqə, 11043 seçici. Qeyd edək ki, Nəsimi rayonunun ümumi əhalisi 217000 nəfərdir, seçicilərin sayı 82900 nəfərdir.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi parlament seçkilərinə hazırlıq işlərini uğurla davam etdirir.
Nəzakət ƏLƏDDİNQIZI