PDF Oxu

Siyasət

  • 14

YAP Sabunçu rayon təşkilatı parlament seçkilərinə hazırlıq işlərini uğurla davam etdirir

YAP Sabunçu rayon təşkilatı parlament seçkilərinə hazırlıq işlərini uğurla davam etdirir
Mehriban Abasquliyeva: "İcra Katibliyinin tövsiyə və tapşırıqları tam məsuliyyətlə yerinə yetiriləcək"

Məlum olduğu kimi, bu ilin noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq cəmiyyətimizdə seçki ab-havası hökm sürür. Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi, ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Bu məqsədlə yerli təşkilatlarda fəal seçki qərargahları yaradılıb.

Dünən YAP Sabunçu rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Mehriban Abasquliyeva keçirilən tədbirdə hazırlıq işləri barədə açıqlama verib. Bildirib ki, rayon sakinləri bu siyasi kampaniyanı yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: "Ölkəmizdə daim yeniləşən, demokratik inkişafın bariz nümunəsi olan daha bir seçki kampaniyasının mühüm mərhələsi fəallarımızın mütəşəkkilliyi ilə davam etməkdədir. Seçkilərin əhəmiyyəti barədə YAP Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvləri ilə keçirilən görüşdə ətraflı məlumat verən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun bildirdiyi kimi, hər bir ölkənin həyatında mühüm hadisə olan siyasi kampaniyaların uğuru seçkilərə hazırlıqdan bilavasitə asılı olsa da, nəticə xalqın ümumi rəyi əsasında bəlli olur. Həqiqətən də milyonların partiyası olan YAP bu etimadı xalqın arzularına əsaslanan əməli işi ilə qazanıb. Bu sədaqət və həmrəylik Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan münasibətdə də hiss olunur. Bu həmrəyliyin, sədaqətin nəticəsidir ki, 650 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyamsı növbəti parlament seçkilərinə qələbə əzmi ilə hazırlaşır."

M.Abasquliyeva onu da qeyd edib ki, partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq və tam məsuliyyətlə bu tapşırıqlar yerinə yetiriləcək: "Məhz bunu nəzərə alaraq qərargahın işinə partiya fəalları və seçki təcrübəsi olan YAP üzvləri cəlb olunublar. Artıq seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Həmçinin, Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə imza toplayanların siyahısı hazırlanıb. Bundan əlavə, seçicilərin siyahısı da daima dəqiqləşdirilir. Bununla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır".

Rayon təşkilatının 143602 nəfər seçicisi olan Sabunçu rayonu üzrə 3 seçki dairəsində - 26 saylı Sabunçu I Seçki dairəsi üzrə 37 seçki məntəqəsində 48025 nəfər, 27 saylı Sabunçu II seçki dairəsi üzrə 39 seçki məntəqəsində 47974 nəfər və 28 saylı Sabunçu III secki dairəsi üzrə 36 seçki məntəqəsində 47603 nəfər olduğunu deyib və tam əminliklə bildirib ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin qələbəsi daha çox üstünlük təşkil edəcək.

Rayon təşkilatının Seçki Qərargahının sədr müavini Rəşad Abbasəliyev də parlament seçkilərinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, həmişə olduğu kimi, bu seçkilərə nəinki ölkəmizdə, eləcə də, dünyada böyük maraq var: "Bu seçkiləri yüksək səviyyədə keçirməklə Azərbaycanın demokratik ölkə olduğunu bir daha dünyaya nümayiş etdirəcəyik. Xüsusilə də gənclərimiz, bütün siyasi kampaniyalarda olduğu kimi, növbəti parlament seçkilərində də partiyaya sədaqətlərini əməli işləri ilə sübut edib və bu il də fəallığımızı artıracaq, ən müasir seçki texnologiyalarından, sosial şəbəkələrdən istifadə etməklə ölkə həyatında, respublikanın siyasi, iqtisadi, sosial, mədəni inkişafında aparıcı rolu olan Yeni Azərbaycan Partiyasının namizədinin qələbəsi naminə gənclərin qüvvəsindən səmərəli istifadə edəcəyik".

Bir sözlə, YAP Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsində parlament seçkilərinə hazırlıq yüksək səviyyədə gedir və həyata keçirilən işlər növbəti dəfə də seçkilərin şəffaflıq və demokratik şəkildə baş tutmasına gətirib çıxaracağına əminlik yaradır.

R.HÜSEYNOVA