PDF Oxu

Siyasət

  • 9

YAP Binəqədi rayon təşkilatında parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam etdirilir

YAP Binəqədi rayon təşkilatında parlament seçkilərinə hazırlıq yüksək səviyyədə davam etdirilir

Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı hazırlıq işləri davam etdirilir. Parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Binəqədi rayon təşkilatı tərəfindən də ilkin mərhələdə müəyyən tədbirlər həyata keçirilib. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırlıq işləri uğurla davam etdirilir:"Belə ki, həmin tapşırıq və tövsiyələrə uyğun olaraq YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi yaradılıb. Qərargahın rayon təşkilatının ziyalılarından, ictimai-siyasi xadimlərindən və nüfuzlu şəxslərindən ibarət 19 nəfərlik tərkibi təsdiq edilib. Seçki qərargahının üzvlərinin iştirakı ilə YAP Binəqədi rayon təşkilatının inzibati binasında ilk yığıncaq keçirilib və qərargah üzvləri üçün vəzifə bölgüsü aparılıb. Qərargah üzvlərinin iştirakilə geniş müzakirələr formatında keçirilən iclasda bir sıra məqamlara aydınlıq gətirilib". Rayon təşkilatının sədrinin sözlərinə görə, iclasda çıxış edən seçki qərargahının üzvləri rayon ərazisində seçici aktivliyinin təmin edilməsi və YAP namizədlərinin təbliğatının yüksək səviyyədə qurulması məqsədilə partiya seçki qərargahının cəlb olunmasını məqsədəuyğun hesab ediblər:"Hazırda seçki qərargahının geniş Fəaliyyət Planı hazırlanır və yaxın günlərdə təsdiq edilərək, seçki kampaniyasına start verildikdən dərhal sonra icrasına başlanacaq. Fəaliyyət Planında YAP-ın elektoratı ilə işi daha mütəşəkkil və operativ qurmaq məqsədilə ərazi təşkilatı-bir məntəqə modelini qurmaq, seçici siyahılarını dəqiqləşdirmək, seçicilər arasında maarifləndirmə işləri aparmaq, ilk dəfə səs verəcək seçicilərlə maarifləndirici görüşlər keçirmək, seçkiqabağı təbliğatı aparmaq üçün digər səmərəli variantlar işlənib, hazırlanacaq. Eyni zamanda müxtəlif sosioloji sorğu və tədqiqatlar aparmaq, YAP-ın nüfuzlu və hörmətli ziyalılarından ibarət təbliğat qrupları yaratmaq və digər geniş, əhatəli tədbirlər görmək nəzərdə tutulub".

"YAP Binəqədi rayon təşkilatı Binəqədi rayonunda fəaliyyət göstərən dairə seçki komissiyaları üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin imzatoplama kampaniyasında iştirak edəcək partiya fəallarının siyahısını dəqiqləşdirib və partiyanın İcra Katibliyinə təqdim edib", - deyən R.Göyüşov imzatoplama kampaniyasında 30 nəfər partiya fəalından ibarət qrup çalışacağını vurğuladı. O, qeyd etdi ki, avqustun 18-də həmin tərkiblə görüş keçirib. Onlara seçki qanunvericiliyi və orada imzatoplama kampaniyası ilə bağlı qeyd olunan məsələlər barədə ətraflı məlumat verilib. YAP-ın Seçki Qərargahından nümunə üçün təqdim olunan imza vərəqələri və təlimat təqdim olunub. Bu qeyd olunanalarla yanaşı, imzatoplama ilə əlaqədar təlim də keçirilib. Görüş geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 3 müstəqil (8 saylı, 9 saylı, 10 saylı) və 1 müştərək (12 saylı Qaradağ-Binəqədi-Yasamal) seçki dairələri üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra işlər görülür. İstər seçici siyahılarının dəqiqləşdirilməsi, məntəqə seçki komissiyalarının tərkibinin formalaşdırılması, həmin komissiyalarda fəaliyyət göstərən şəxslər üçün müxtəlif treninqlərin təşkili məqsədilə bir sıra işlər görülüb və görülməkdə davam edir. Qeyd edək ki, 8 saylı Binəqədi I Seçki Dairəsi üzrə seçicilərin sayı 46835, 9 saylı Binəqədi II Seçki Dairəsi üzrə 48053, 10 saylı Binəqədi III Seçki Dairəsi üzrə isə 47766-dır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər