İlham Əliyev: "Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir"
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında mühüm vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə birinci və ikinci dövlət proqramlarının icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlığın daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Hazırda isə üçüncü regional proqram uğurla həyata keçirilir. Həmin proqramlar regionların inkişafını dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü ötən 12 il müddətində öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlanıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən proqramların real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Bu il yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib: "Atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət göstərir. Ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli tədbirlər həyata keçirilir. İnsanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini reallaşdırır. Bir sözlə, Azərbaycan bu gün nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir...".
Dövlətimizin başçısı yuxarıda sözügedən iclasda onu da deyib ki, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunanda bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaq: "Ancaq ondan daha çox iş yeri yaradıldı. Halbuki o vaxt böyük maliyyə resursları yox idi, valyuta ehtiyatları çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və hələ neftdən gəlirlər əldə edilmirdi. Buna baxmayaraq, düşünülən siyasət və xalqın dəstəyi nəticəsində biz birinci proqramı uğurla başa çatdırdıq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi, ayaqda möhkəm dayanmışdı. Gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ o vaxt, yəni 2009-cu ildə demişdim ki, ikinci proqramın icrası ilə bağlı heç bir problem görmürəm. Bəli, həmin proqram da artıqlaması ilə icra edilib".
Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır
Özəl bölmənin tərəqqisinə xüsusi əhəmiyyət verilməsi regionların inkişafına da öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, sahibkarlara dəstək üçün yerli icra orqanlarının fəaliyyəti daha da gücləndirilməlidir. Özəl bölməyə diqqətin artırılması Azərbaycanın uğurlu inkişafını sürətləndirəcəkdir. Hər bir yerdə icra hakimiyyəti başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onları incitməməlidirlər, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerlərdə icra başçıları dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə də bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Beləliklə də, görülən işlər və nəticələr deməyə əsas verir ki, son 12 ildə respublikamızda regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilib. Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
RƏFİQƏ KAMALQIZI