Noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Quba rayon təşkilatı tərəfindən ilkin mərhələdə müəyyən tədbirlər həyata keçirilib. Rayon təşkilatından "Səs" qəzetinə verilən məlumata əsasən, parlament seçkiləri ilə əlaqədar YAP Quba rayon təşkilatı, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də seçkiyə böyük məsuliyyətlə start verib. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələri üçün hazırlanmış Fəaliyyət Proqramının ilkin mərhələsi üzrə təşkilatda 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Quba rayonu üzrə 52 saylı Quba, 53 saylı Quba-Qusar dairələri fəaliyyətdədir. Ümumilikdə, 133 seçki məntəqəsi var və seçicilərin sayı 84895 nəfərdir. Rayon üzrə seçicilərin 55,9 faizini qadınlar, 33 faizini gənclər təşkil edir. Seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısının mütəmadi yenilənməsi YAP Quba rayon təşkilatı tərəfindən aparılır. Artıq hər seçki dairəsi üzrə 10 nəfər olmaqla imza toplayacaq YAP fəalları 20 nəfər müəyyənləşdirilib. Dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin, eləcə də müşahidəçilərin dəqiqləşdirilməsi və forma üzrə siyahısının hazırlanması işi artıq başa çatdırılıb. Bundan başqa rayon Gənclər Mərkəzində, sosial şəbəkələrdə YAP Quba rayon təşkilatının fəal qadın və gənclərdən ibarət aktiv qrupları yaradılıb ki, bu qruplar da seçki prosessində aktiv iştirak edir, mütəmadi olaraq seçkinin gedişatına öz töfhələrini verirlər.
YAP Quba rayon təşkilatının seçki qərargahı öz işini dairələrlə, eləcə də aidiyyatı qurumlarla əlaqəli şəkildə Fəaliyyət Proqramına uyğun həyata keçirir.
Qeyd edək ki, avqustun 15-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şimal bölgəsi üzrə rayon şöbələrinin müşavirəsi Quba rayon təşkilatında keçirilib. Müşavirədə əsas müzakirə mövzusu parlament seçkilərinə hazırlıq işlərinin vəziyyətini qiymətləndirmək və qarşıda duran vəzifələri müzakirə etməkdən ibarət olub. Müşavirədə YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının şimal bölgəsi üzrə kuratoru Araz Xudadanov, eləcə də şimal bölgəsi üzrə rayonların təşkilat sədrləri, qərargah üzvləri iştirak ediblər. Müşavirədə parlament seçkiləri ilə əlaqədar YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev görülən işlər barədə məlumat veriblər. Sonda Əli Əhmədov bir daha parlament seçkiləri ilə əlaqədar öz tapşırıq və tövsiyələrini verib.
Hazırda YAP Quba rayon təşkilatında imza toplayan şəxslərlə seminar keçirilir. Onlara imza toplama qaydaları izah olunur.
Nəzakət ƏLƏDDİNQIZI