Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərində də inamlı qələbə qazanmaq əzmindədir. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Xaçmaz rayon təşkilatının Seçki Qərargahının və rayon təşkilatının sədri Nazim Ağayev parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır və bunun nəticəsində bu seçkilərdə də partiyamızın irəli sürdüklri namizədlərin üstünlük təşkil edəcəyini artıq indidən demək mümkündür: "Cəmiyyətdə ictimai-siyasi fəallığı ilə seçilən, yarandığı gündən xalqın partiyası olduğunu reallığa əsaslanan proqram fəaliyyəti ilə təsdiqləyən YAP növbəti parlament seçkilərini də demokratiyanın tələblərinə uyğun, obyektiv, şəffaf şəraitdə keçirmək əzmindədir. Bu il noyabr ayının 1-də keçiriləcək seçkilərə demokratiyanın tələblərinə uyğun hazırlaşan, ölkə miqyasında quruculuq və dinamik inkişaf proqramının həyata keçirilməsində vahid siyasi qüvvə kimi iştirak edən və cəmiyyətdə aparıcı rolunu həmrəylik və birliyi ilə doğruldan Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə də məsuliyyətlə hazırlaşır".
Təşkilatın sədri N.Ağayev bildirib ki, qərargahın işinə partiya fəalları və seçki təcrübəsi olan YAP üzvləri cəlb olunublar: "Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. YAP Mərkəzi Seçki Qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi yaradılıb, onun üçün müvafiq iş şəraiti təşkil edilmişdir. Seçicilərin siyahısı dəqiqləşdirilmiş, bazaya yığılmış, və dəqiqləşmə davam edir. Həmçinin, seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Seçki kampaniyasına rəsmi start verildikdən və partiyamızın namizədləri elan olunduqdan sonra Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun işlərimizi davam etdirəcək, imzatoplama prosesinə başlayacayıq. Artıq 20 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyən edilib. Bütün bunlarla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır".
Seçki Qərargahının üzvlərindən Abasyar Heydərov, Məhərrəm Abbasov və Sevinc Sədullayeva bildiriblər ki, YAP hər zaman bütün seçkilərdə uğurlu seçki kampaniyası həyata keçirdiyi üçünü uğur qazanır. Çıxış edənlər bildirdilər ki, bu uğurların əldə olunmasına səbəb də elə seçki kampaniyasının səmərəli təşkil olunmasıdır. Məhz bu işlərin planauyğun davam etdirilməsi ilə Yeni Azərbaycan Partiyasının növbəti seçkilərdə də parlaq qələbə qazanacağını əminliklərini ifadə etdilər.
Ü.ƏSGƏROV