PDF Oxu

Siyasət

  • 7

YAP Ağsu rayon təşkilatının Seçki Qərargahı uğurla fəaliyyətə başlayıb

YAP Ağsu rayon təşkilatının Seçki Qərargahı uğurla fəaliyyətə başlayıb

Qərargahda seçki kampaniyasını həyata keçirmək üçün bütün imkanlar mövcuddur

Yeni Azərbaycan Partiyasının (YAP) Ağsu rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı yaradılan qərargah üzvləri və YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəalları ilə görüş keçirilib. YAP Ağsu rayon təşkilatının və Seçki Qərargahının sədri Əli Hüseynov əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib: "Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. Artıq seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Həmçinin, Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə imza toplayanların siyahısı hazırlanıb. Bundan əlavə, seçicilərin siyahısı da daima dəqiqləşdirilir. Bununla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır".

Ə.Hüseynov onu da vurğulayıb ki, YAP Mərkəzi Seçki Qərargahı Ağsu rayon şöbəsi 17 nəfər tərkibdən ibarət olmaqla yaradılıb, iş bölgüsü aparılıb və texniki avadanlıqlarla tam təmin olunubdur: "87 saylı Ağsu-İsmayıllı Dairə-Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə ayrı-ayrılıqda baxış keçirilib, 41 məntəqədə cari təmir işləri aparılıb, 15 məntəqə yeni tikilib, məktəb binalarında yerləşdiyi üçün təmirə ehtiyacı olmamışdır. Həmçinin, cari il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar seçici siyahıları dəqiqləşdirilib, bu iş davam etdirilir".

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə 62 məntəqədə 39014, Ağsu rayonu üzrə seçki dairəsi üzrə 56 məntəqədə 34536, İsmayıllı rayonu üzrə seçki dairəsi üzrə 6 məntəqədə 4478 nəfər seçicilərin olduğunu deyən rayon şöbəsinin qərargah sədri YAP tərəfində irəli sürülən namizədin müdafiəsi üçün imzaların toplanması məqsədilə 10 nəfərdən ibarət qrupun yaradıldığını bildirib: "Nəzərinizə çardırırıq ki, qərargah tərəfindən 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin Ağsu rayonu üzrə 56 məntəqənin hər birinə 1 nəfər müşahidəçi, 1 nəfər məşvərətçi səs hüquqlu şəxslərin müvafiq formalar üzrə hazırlanmışdır".

Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalların sualları cavablandırılıb.

Göründüyü kimi, YAP Ağsu rayon təşkilatı Seçki Qərargahı seçki ilə bağlı bütün maddi-texniki təchizatla təmin olunub. Bir sözlə, qərargahda seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur.

R.HÜSEYNOVA