PDF Oxu

Siyasət

  • 13

YAP Ağdaş rayon təşkilatı parlament seçkilərinə fəal şəkildə hazırlaşır

YAP Ağdaş rayon təşkilatı parlament seçkilərinə fəal şəkildə hazırlaşır

Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Təbii ki, yarandığı vaxtdan bu günə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında yaradılan seçki qərargahları aktiv fəaliyyət göstərirlər. YAP-ın Ağdaş rayon təşkilatının Seçki Qərargahının və parlament seçkiləri ilə əlaqədar təyin edilən imza toplayacaq qrupun üzvləri ilə görüş keçirilib. YAP Mərkəzi Aparatının Seçki Qərargahının Ağsu rayon şöbəsinin və rayon təşkilatının sədri Cavid Osmanov seçkilərə hazırlıqla bağlı məlumat verib. Bildirib ki, İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının 9 rayon şöbəsi üzvlərinin iştirakı ilə parlament seçkilərinə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsinin keçirilməsi böyük əhəmiyyət daşıyır: "Çünki bu müşavirələrdə YAP İcra Katibliyinin tövsiyə və təlimatları bizim seçki sahəsində təcrübəmizi daha da artırır".

C.Osamanov rayon şöbəsinin Seçki Qərargahına kifayət qədər nüfuzu və seçki sahəsində təcrübə toplamış insanlar, həmçinin, partiya fəalları daxildir: "11 nəfər seçki qərargahının üzvləri arasında artıq iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətimizlə bağlı geniş tədbirlər planı hazırlanıb. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər arasında da konkret iş bölgüsü müəyyənləşdirilib. Sözsüz ki, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işinin və koordinasiyasının uğurlu təşkilidir. Bu baxımdan YAP Ağdaş rayon təşkilatı Seçki Qərargahında da bu məsələ daim diqqətdə saxlanılır".

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədr müavini İsa Eminov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və Dairə Seçki Komissiyasına təqdim edilməsi haqqında" Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimatla iclas iştirakçılarını tanış etdi. Həmçinin, imza vərəqəsinin doldurulma qaydalarından danışaraq, bu məsələ ilə bağlı əlavə olaraq treninq keçiriləcəyini və seçicilərin həmişəki kimi, bu dəfə də fəallıq göstərəcəklərini vurğulayıb.

Sonda Seçki Qərargahının üzvləri adından danışan Mücəməddin Axundov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafının dinamik və davamlı xarakter aldığını, insanların rifah halının əsaslı şəkildə yüksəldiyini, dövlətimizin beynəlxalq mövqelərinin xeyli gücləndiyini bildirib. Vurğulayıb ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Ona görə də, seçicilərin qarşıdan gələn parlament seçkilərində də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəyi şübhə doğurmur.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının Acdaş rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar operativ və ciddi işlər gedir. Təbii ki, bu, prosesin nəticəsinin uğurlu olacağına artıq indidən əminlik yaradır.

R.HÜSEYNOVA

Digər xəbərlər