PDF Oxu

Siyasət

  • 8

Azərbaycan gəncliyi gələcəyini təmin etməkdə israrlıdır

Azərbaycan gəncliyi gələcəyini təmin etməkdə israrlıdır

YAP-ın sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi fəallığına böyük imkanlar açıb

Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində, ərazi bütövlüyünün təmin edilməsində, demokratik - hüquqi və dünyəvi cəmiyyət qurulmasında, milli həmrəyliyin möhkəmlənməsində məqsədyönlü fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası böyük uğurlara imza atıb. Bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməlin və bu gün ölkə Prezidenti, partiyanın Sədri Cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub.

Bu gün Yeni Azərbaycan Partiyası 650 mindən artıq üzvü olan qurum kimi fəaliyyətdədir. Partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu isə o deməkdir ki, partiyanın sıralarında on minlərlə gənc birləşib. Bu, sadəcə statistika deyil, gənclərin dövlətin və partiyanın həyata keçirdiyi siyasətə dəstəyinin ifadəsidir. Gənclərin YAP-ın sıralarında olması bu partiyanın ideyasını dəstəkləmək, Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində dayanmaq, bu yolda yorulmadan çalışmaq deməkdir. YAP-ın sıralarında olmaq Azərbaycan gənclərinin ictimai-siyasi fəallığına böyük imkanlar açıb.

Gənclərin partiya sıralarına axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra dövlət proqramları, layihələr həyata keçirilir. Həyata keçirilən layihələr çərçivəsində gənclər özlərini təsdiq edir, daha da inkişaf edirlər. Gənclər öz gələcəklərini təmin edir və dövlətimizə bu partiyanın xətti ilə xidmət etməkdə israrlıdırlar.

Bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Partiyanın xətti ilə keçirilən müxtəlif səpkili layihələrdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yay və qış məktəblərinin təşkil olunması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı Azərbaycan ordusunun əsgərləri ilə görüşlərin keçirilməsi, elmi konfransların, seminar və treninqlərin keçirilməsi gənclərin fəallığında müstəsna rola malikdir. Bütün bu fəaliyyət, şaxəli layihələrin gerçəkləşməsi Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha sıx birləşmələrinə inam hissini gücləndirir. 2007-ci ildən başlayaraq YAP Gənclər Birliyinin həyata keçirdiyi "Yay məktəbləri" layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur.

Göründüyü kimi, bu gün gənclər layiqli vətəndaş kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər