PDF Oxu

Siyasət

  • 10

YAP İsmayıllı rayon təşkilatında toplantı keçirilib

YAP İsmayıllı rayon təşkilatında toplantı keçirilib
Dünən YAP İsmayıllı rayon təşkilatı qərargahında YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin üzvlərinin, imza toplayan şəxslərin və təbliğat qrupları üzvlərinin iştirakı ilə yığıncaq keçirilmişdir. Yığıncaqda avqustun 18-də YAP Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin parlament seçkiləri ilə əlaqədar keçirdiyi müşavirə ilə bağlı qarşıda duran vəzifələr geniş şərh edilib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatı Seçki Qərargahınının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Azərbaycan vətəndaşlarının ölkə Prezidentinə göstərdikləri böyük inam və etimad bilavasitə onların arzu və istəklərinə, gündəlik problemlərinə göstərilən dövlət qayğısından irəli gəlir: "İndi bütün respublika nəhəng tikinti meydançasını xatırladır. Dünya iqtisadiyyatını bürümüş böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı, sürətli inkişafını davam etdirir, respublikanın müstəqillik illərində əldə etdiyi iqtisadi potensial gündən-günə artır və bütün bu imkanlar ölkənin hərtərəfli inkişafının təmin olunmasına, insanların həyat şəraitinin daha da yüksəldilməsinə yönəldilir. Ölkə Prezidenti hər bir vəzifəli şəxsdən, dövlət məmurundan insanların arzu və istəklərinə diqqətlə yanaşılmasını, yerlərdə olan problemlər barədə vaxtında məlumat verilməsini tələb edir".

Ə.Vahabova çıxışında onu da bildirib ki, məhz Azərbaycan xalqının inamı və etibarı kimi məsul yükü öz üzərində hiss edən Yeni Azərbaycan Partiyası 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində qalib gəlmək əzmindədir: "Rayon üzrə mövcud olan 72 məntəqə seçki komissiyasının hər birinə müşahidəçilər və məşvərətçi səs hüquqlu üzvlərin siyahıları və sənədləri hazırlanıb, onlarla iş aparan rabitə qrupu yaranıb, seçicilərlə görüşlərin keçirilməsi üçün təbliğat qrupları yaradılıb. İlk dəfə səs verənlərlə görüşlər nəzərdə tutulub. Bütün qüvvələr seçki prosesinin daha ədalətli və şəffaf, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilməsi və bu seçkilərdə də əvvəlki illərdə olduğu kimi Yeni Azərbaycan Partiyasının qələbəsinə səfərbər olunmuşdur. Biz inanırıq ki, xalqımızın partiyamıza, onun lideri Prezident İlham Əliyevə olan inamı və etibarı nəticəsində bu seçkilərdə də məhz Yeni Azərbaycan Partiyası qalib gələcəkdir".

Tədbirdə qərargah üzvlərinə YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin əsas fəaliyyət istiqamətləri barədə müvafiq təlimatlar paylanılmış, növbətçilik cədvəli təsdiq edilmiş, imza toplayan şəxslərlə treninq keçirilmişdir.

ZÜMRÜD BAYRAMOVA