Bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Qusar rayon təşkilatı tərəfindən ilkin mərhələdə müəyyən tədbirlər həyata keçirilməkdədir.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, 21 avqust 2015-ci il tarixdə YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsində gərargah üzvlərinin iştiraki ilə imza toplayacaq partiya fəalları ilə treninqlərə start verilib: "Yeni Azərbaycan Partiyası tərəfindən 51 saylı Qusar DSK-sı üzrə namizədliyi irəli sürüləcək namizədin imza toplaması üçün 10 nəfər imza toplayan fəal müəyyənləşdirilmişdir. Treninq zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tədbirlərinə uyğun olaraq imzatoplama qaydaları izah edilmişdir".
Qeyd edim ki, parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi yaradılmış və texniki təchizatla təmin olunmuşdur. Rayon üzrə seçki məntəqələrinin ərazisində seçicilərin siyahıları dəqiqləşdirilmiş və siyahıların yenilənməsi işi davam etdirilir. 51 saylı Qusar Dairə-Seçki Komissiyasının 62 seçki məntəqəsi üzrə 45869 nəfər, 53 saylı Quba- Qusar Dairə-Seçki Komissiyasının 15 seçki məntəqəsi üzrə isə 7210 nəfər seçici müəyyən edilmişdir.
Seçki qərargahının rayon şöbəsi tərəfindən fəaliyyət proqramının ilkin mərhələsində nəzərdə tutulmuş hazırlıq işləri əsasən başa çatdırılmışdır.
NƏZAKƏT