Parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının İsmayıllı şəhərində keçirilən müşavirəsində söylənilən fikirləri nəzərə alaraq fəaliyyət istiqamətlərini müəyyənləşdirən təşkilatın üzvləri ikiqat əzmlə çalışırlar. Müşavirədə öz fikirlərini, tövsiyyələrini bildirən YAP Sədrinin müavini -İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun vurğuladığı kimi rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. "Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində uğur qazanması üçün obyektiv şərtlər mövcuddur"- söyləyən Əli Əhmədov bildirib ki, iqtidar partiyasının uğur qazanmasını şərtləndirən amil onun xalqla birliyi, həmrəyliyidir. YAP Qobustan rayon təşkilatında da seçkilərə hazırlıq, qarşıya qoyulan vəzifələr və diqqətə çatdırılan tövsiyələr əsasında davam etdirilir.
YAP Qobustan rayon təşkilatı Seçki Qərargahının sədri Füzuli Gülalıyev keçirilən növbəti toplantıda bildirdi ki, bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərdə sınanmış seçki texnologiyasından istifadə edərək qələbəsini təkrarlamaq əzmindədir. Hazırlıq işlərinin demokratik şərtlərə uyğun aparıldığını vurğulayan F.Gülaliyev seçkilərə hazırlığın ilkin şərti, eyni zamanda böyük məsuliyyət tələb edən imzatoplama kampaniyasının aparılması prosedurundan söhbət açdı. Fikrini "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, müşahidəçilərin və məşvərətçi səs hüquqluların Dairə-Seçki Komissiyasına təqdim edilməsi qaydaları haqqında" təlimata əsasən izah edərək vurğuladı ki, bu iş üçün ayrılan partiya üzvləri xüsusilə diqqətli olmalı, onlara etibar olunan prosesdə demokratik şərtlərə, dəqiqliyə diqqət yetirməlidirlər. Yığıncaqda çıxış edən partiya üzvlərinin söylədiklərindən aydın oldu ki, partiyanın rayon təşkilatı parlament seçkilərində qələbə naminə üzərlərinə düşən vəzifələri tələb olunan səviyyədə yerinə yetirəcəklər.
A.SƏMƏDOVA