"Müxalifət heç bir zaman seçkilərdə qələbə qazana bilməz". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə seçkilər ərəfəsi müxalifət partiyaların fəaliyəti ilə bağlı danışarkən deyib.O bildirib ki, qarşıdan gələn parlament seçkiləri təkcə parlamentin formalaşmasına xidmət etmir, bu həm iqtidar, həm də müxalif qüvvələrin cəmiyyətdəki nüfuzunu göstərir: "Cəmiyyət Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev kursunu müdafiə edir və parlament seçkilərində də məhz bu siyasi kursun nümayəndələrinə də səs vermək fikrindədir. Bu mənada müxalifətin seçkilərdə elə də böyük uğur qazanması və ya əsaslı bir nailiyyət əldə etməsi mümkün deyil. Düzdür cəmiyyətimiz müxtəlif təbəqələrdən və müxtəlif maraqlara xidmət etdiyindən müxalifət nümayəndələrinin də seçilməsi gözləniləndir. Bu cür müxalifət içərisində konstruktiv müxalifət, parlament fəaliyyətinə üstünlük verən, Azərbaycanın milli maraqlarını partiya maraqlarından üstün tutan siyasi qüvvələr aparıcı mövqedədirlər. Radikallıq, anti-milli siyasət, xaricə işləyən mərkəzlərin maraqlarını ifadə edən siyasi qüvvələr isə zəifləməkdə və Azərbaycan siyasi arenasından silinməkdədirlər".A.Mirzəzadə bildirib ki, adını çəkilən siyasi qüvvələr Azərbaycan siyasətində hansısa bir rol oynaya bilmir: "Seçkilərə çox az bir müddət qalmasına baxmayaraq hələ onlar özlərinin namizədlərinin siyahısını belə tərtib etməyiblər. Hələ onların liderlərinin hansı dairəyə gedəcəyi belə məlum deyil. Bu əslində müxalifət partiyalarının Azərbaycanda iflasının göstəricisidir. Nə qədər ki, Azərbaycan xalqı öz iqtidarının onun maraqlarına uyğun fəaliyyət göstərməsini görür, nə qədər ki, Azərbaycan daima inkişafdadır, öz problemlərini həll etməkdədir, müxalifət heç bir zaman seçkilərdə qələbə qazana bilməz. Partiyalar arası qovğalar isə bir-iki günlük qəzet mövzusu çərçivəsindən kənara çıxa bilməz".
sia.az