PDF Oxu

Siyasət

  • 12

Sarkisyanın "müstəqillik əsəri"

Sarkisyanın "müstəqillik əsəri"

Ekspertlər "Erməni tüfanı"nın baş verə biləcəyini istisna etmirlər

Siyasətçinin reallığa əsaslanan arqumentləri olmadıqda həmişə yalan danışır. Ermənistan prezidenti Serj Sarkisyan üçün isə bu, artıq hakimiyyətdə qalma vərdişinə çevrilib. Ölkənin Təhlükəsizlik Şurasının son müşavirəsində onun söylədikləri bu qənaəti tamamilə təsdiqləyir. Maraqlıdır ki, həmin fikir erməni analitik və ekspertlərin fikirlərində də öz əksini tapıb.

Serj Sarkisyanın həmin tədbirdəki çıxışına səthi nəzər salanda belə, məntiqsizlik və arqumentsizlikdən nə qədər əziyyət çəkdiyini görmək mümkündür. O deyir ki, Azərbaycan 3-4 ilə çökəcək və bu, Ermənistanın təhlükəsizliyi baxımından müsbət haldır. Birincisi, hamı bilir ki, Azərbaycan müstəqil dövlət kimi bundan sonra həmişə mövcud olacaq. Bu işğalçı dövlətin qaniçən prezidenti Serj Sarkisyan belə düşünə bilmirsə, deməli, məntiqi təfəkkürü və psixologiyasında ciddi problemləri vardır. Bir də, nəhayət, istənilən variantda müstəqil dövlətin təhlükəsizliyini özünün inkişafı təmin edə bilər. Yalnız güclü cəmiyyətə malik olan ölkədə güclü dövlət yaratmaq mümkündür. Bu həqiqəti artıq nəhayət ki, bəzi erməni yazarlar qismən dərk edirlər və Sarkisyana "Azərbaycanın çökməsi haqqında danışmaqdansa, Ermənistan dövlətinin problemləri ilə məşğul olsa, yaxşıdır. Ermənistan hələ məhv olmasa da, onun bir addımlığındadır" bildirirlər. Maraqlıdır ki, erməni ekspertlər S.Sarkisyanın nəinki 3-4 il üçün, heç 3-4 gün üçün proqnoz vermək iqtidarında olmadığını yazırlar.

Koren Manukyan: "Sarkisyanın psixologiyasında ciddi problemlər var"

Erməni eksperti Koren Manukyan www.armstat.am saytına verdiyi açıqlamasında S.Sarkisyanın yalanlarını bir-bir üzə çıxaraq psixologiyasında ciddi problemin olduğunu deyib: "Sarkisyanda həyasızlığın dərəcəsi o qədər çoxdur ki, ötən il deyirdi ki, qazın qiyməti qalxmayacaq. Lakin bu proqnoz təsdiqini tapmadı. O, vəd edirdi ki, prezident seçkisindən sonra ərzaq bahalaşmayacaq və əmək haqları artacaq. Bu fikir də özünü doğrultmadı. Belə ki, 2007-2012-ci illərdə qiymətlər 44,7% artıb, lakin bu müddətdə maaşlarda artım müşahidə edilməyib. Ermənistanda ən yüksək təqaüd 100 ABŞ dolları təşkil edir. Bütün bunların fonunda S.Sarkisyanın ölkə iqtisadiyyatının 2012-ci ildə 7,2% artdığı haqqında danışması siyasi səfillik və rəzillikdən başqa bir şey deyildir. Koren Manukyan bu halı təsadüfən Ermənistan prezidentinin "Çernenko rəzilliyinə tutulması" adlandırmır. Məhz onun yeritdiyi siyasətin nəticəsidir ki, 2008-2013-cü illərdə ölkədən 500 mindən çox vətəndaş xaricə köçüb. Bu, Ermənistan üçün ciddi itkidir. Bunlar hələ tam mənzərə deyil".

"Ermənistan prezidenti heç zaman məntiqi təfəkkürü ilə fərqlənməyib və hakimiyyətdə olduğu 7 il müddətdə hansısa tutarlı siyasi kurs yeridə bilməyib"- söyləyən erməni eksperti iqtisadiyyatı çökən Ermənistan Sarkisyanın "müstəqillik əsəri"dir deyə bildirib: "Ölkə bu səbəbdən getdikcə daha ağır vəziyyətlərə düşür. O cümlədən, qlobal miqyasda özünü göstərən geosiyasi, maliyyə və iqtisadi böhran Ermənistanı iflic hala salır. S.Sarkisyan isə çıxış yolunu sürətlə inkişaf edən Azərbaycana qarşı şər-böhtan atmaqda görür. Bu, həyasızlıqdır".

Ermənistan bir dövlət kimi yox ola bilər

Siyasi politoloqlar yaxın zamanlarda işğalçı ölkədə "Serj tufanı"nın baş verə biləcəyini istisna etmirlər. Bununla əlaqədar Ermənistan xalqına siyasi havanın kəskin pisləşəcəyinə hazır olmaları tövsiyə edilir. Politoloq Rüstəm Məmmədov bildirib ki, cılız, rəzil olan Ermənistanda son aylar cərəyan edən hadisələr öz fəsad və nəticələrinə görə ölkə əhalisi üçün olduqca acınacaqlıdır: "Mövcud olduqları vaxtdan ermənilər özlərini qonşu dövlətlərin "zülmlərinə" məruz qalan "əzabkeş" xalq kimi qələmə verməyə adət ediblər. Lakin son 2-3 ay ərzində Ermənistanda baş verən proseslər, o cümlədən Ermənistanın vassal dövlətə çevrilməsi, inhisarlaşmış iqtisadiyyatının sürətlə tənəzzülə uğraması, rüşvətxor məmurların və onların yaxınlarının özbaşınalıqlarının geniş vüsət alması, istehlak qiymətlərinin mütəmadi artımı, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi, erməni əsgərlərin nizamnamədən kənar münasibətlərin qurbanı olmaları və bir sıra digər neqativ hallar ermənilərin məhz özlərinin seçdikləri Serj Sarkisyan hakimiyyəti tərəfindən zülmə məruz qalmalarını sübut edir".

Politoloq onu da bildirib ki, bu gün S.Sarkisyanın öz vətəndaşlarına hansı səviyyədə yalan danışdığını aydın görürük: "Onun ən böyük səhvi və saxtakarlığı isə Azərbaycanla bağlı söylədiklərində ifadə olunub. Diqqət edək: S.Sarkisyan deyir ki, "3-4 ildən sonra Azərbaycan çökəcək və Ermənistan üçün şans yaranacaq". Dolayısı ilə bu, hazırda erməni dövlətinin ağır vəziyyətdə olduğunun etirafıdır. Ermənistan regional layihələrdən təcrid olunmuş vəziyyətdədir, ölkədə heç bir inkişaf getmir, beynəlxalq aləmdə nüfuzu sıfıra bərabərdir, iqtisadiyyat Rusiyaya satılıb, enerji infrastrukturuna Moskva nəzarət edir və s. Bütün bunlar onu sübut edir ki, Ermənistan prezidenti dövlətin acınacaqlı durumda olduğunu görür, ancaq çıxış yolu tapa bilmir. Bu səbəbdən Azərbaycan haqqında yalan informasiyalar verməklə ermənilərin başını qatır. Bütün bunların bir izahı olmalı, rəsmi Yerevan hərəkətlərinə haqq qazandırmalıdır. Bu məntiqlə də S.Sarkisyan Ermənistanın öz təhlükəsizliyini təmin etdiyi görüntüsü yaradır. Paralel olaraq, düşmən münasibət bəslədiyi Azərbaycanın gələcəyinin dumanlı olduğu fikrini formalaşdırmaq istəyir. Şübhəsiz ki, bu kimi yalan və saxtakarlıqlarla dövlət müstəqilliyini qorumaq mümkün deyil. Digər tərəfdən, S.Sarkisyanın sayıqlamaları onu göstərir ki, Ermənistanın dövlət olaraq əsaslı strategiyası yoxdur. O, hələ də xarici qüvvələrdən tam asılıdır. Bu ölkə forpostdur. Fərqi yoxdur, bu keyfiyyətdə kimlərə qulluq edir, əsas odur ki, XXI əsrdə erməni dövlətçiliyinin baş tutduğunu demək çox çətindir".

A.SƏMƏDOVA

Digər xəbərlər