PDF Oxu

Siyasət

  • 12

Azərbaycan informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilir

Azərbaycan informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilir
İlham Əliyev: "İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar Azərbaycan üçün əsas prioritetlərdən biridir"

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Təsadüfi deyil ki, dövlət strukturlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini də əhatə edən İKT dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən və perspektivli sahələrindən biri sayılır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş İKT-nin Azərbaycanda da sürətlə inkişaf etməsi və dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı sözügedən sahənin qeyri-neft sektorundakı payının getdikcə artacağını deməyə əsas verir. Son onilliklərdə qəbul edilmiş və həyata keçirilməkdə olan strateji konsepsiyalar da belə düşünməyə əsas verir ki, İKT Azərbaycanda turizm ilə yanaşı, ən pesrpektivli və dinamik inkişaf edən sahə olaraq diqqət mərkəzində qalacaq.

Bu gün hər hansı bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və operativliyin, o cümlədən demokratiyanın inkişafının qiymətləndirilməsindən danışan zaman İKT-nin tətbiq səviyyəsi önə çıxarılır. Qloballaşan dünyanın bir hissəsi kimi Azərbaycanda da İKT-nin tətbiq səviyyəsi və ümumilikdə, cəmiyyətin həyatına müsbət təsir göstərən addımlar atılması ölkəmizin bu sahədə mühüm irəliləyişlərə nail olmasından xəbər verir. Son 20 il ərzində İKT-nin inkişafı istiqamətində atılmış ardıcıl addımlar nəticəsində bu gün Azərbaycan informasiya cəmiyyətinin quruculuğu prosesini keyfiyyətcə yeni mərhələyə çıxarmış və innovasiyalar sahəsində ölkəmizin regional mərkəz statusunu gücləndirmişdir.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də bunun əyani təsdiqidir. Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi -"Azərspace-1" ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan əlavə, ölkəmizin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi BMT Baş Assambleyasının qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır.

50 ölkəni birləşdirən kosmik məkan

Məhz bu sahəyəyə dövlətin diqqət və qaycğısanın nticəsidir ki, Prezident İlham Əliyev 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Sərəncamı ölkəmizdə bu sahənin inkişafına yeni təkan vedi. Azərbaycan ilk telekommunikasiya peykini məhz bu ildə orbitə çıxarmağa nail oldu. 8 fevral 2013-cü il tarixində Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən peykin texniki xüsusiyyətlərini əks etdirən sənədlərdə onun orbitdə yararlı ömrünün 15 il olduğu qeyd edilib. Lakin peykin uğurlu buraxılışı və orbitdə olduğu ötən iki il ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin proqnozlaşdırılan ömrü 16,7 ilədək artırılıb. Peykin operatoru, Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərdiyi dövr ərzində "Azerspace-1" vasitəsilə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə şəbəkələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. "Azerspace-1" peykinin əlverişli orbital mövqedə (46? Şərq uzunluğu) yerləşməsi, "Azərkosmos" ASC-nin operativliyi və müştəri məmnuniyyəti siyasəti buna zəmin yaradır. İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrika və Yaxın Şərqdə yerləşən 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.

Hazırda, Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır ki, bunun da 108-i əcnəbi, 13-ü yerli kanal, eləcə də, 20 radio kanalın yayımlandığı "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. Bir çox baxımlı Türkiyə kanallarının "Azerspace-1" peykinə keçidi də buna əyani sübutdur. 2014-cü ilin dekabr ayından etibarən isə "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky"-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.

İnternet iqtisadiyyatı rəqiblər üzərində strateji üstünlüyə imkan yaradır

İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi, bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" hazırlanmışdır. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və "Yüksək Texnologiyalar Parkı" yaradılmışdır. Bu yeni qurumlar ölkə iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edir.

Bir sçözlə, qloballaşan dünyanın bir hissəsi kimi Azərbaycanda da İKT-nin tətbiq səviyyəsi və ümumilikdə, cəmiyyətin həyatına müsbət təsir göstərən addımlar atılması ölkəmizin bu sahədə mühüm irəliləyişlərə nail olmasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin öz çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkməsini, dövlətin İKT-nin inkişafına göstərdiyi böyük diqqətin bariz nümunəsi kimi qəbul etmək olar: "Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir".

Buna görə də, əminliklə demək olar ki, Azərbaycanda müşahidə edilən transformasiyanın əsasında güclü intellektual baza və müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, eyni zamanda, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. Bu baxımdan cəmiyyətin rifah halının daha da yaxşılaşmasına xidmət edəcək bu məqsədlərə nail olunmasında uğurlar yüksələn xətt üzrə artacaqdır.

RƏFİQƏ KAMALQIZI