Bu gün Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşün məqsədi Parlament seçkilərində gənclərin aktivliyini təşkil etməklə bağlı olub. Tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı, Texniki Universitetin Tələbə Gənclər Təşkilatı, "Aztelekom" İB-nin Gənclər Təşkilatı və "Azərsu" ASC-nin Gənclər Təşkilatının nümayəndələri iştirak edib. Gənclərlə görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Parlament seçkilərində gənclərin aktiv iştirak etmələrinin vacib olduğunu ifadə edib. Bundan başqa o, bu dəfəki seçkilərdə Partiyadan daha çox millət vəkilinin seçilməsini arzu edib: "Partiyamızın verdiyi namizədlər üçün aktiv şəkildə birlikdə təbliğat işləri aparmalıyıq. Noyabrın 1-ə qədər 18 yaşı tamam olan gənclərimizin şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün əlimizdən gələni edəcəyik. Sentyabrın 1-dən etibarən rəsmi olaraq seçkilərin kampaniyasına start veriləcək. Rayonumuzda 90 məntəqə, 3 dairə və 1 şərikli dairə var. Seçkilərdə Yasamal rayonundan seçicilərin neçə faizinin iqtidaryönümlü olduğunu bilmək üçün statistikanı açıqlayacağıq. Ötən parlament seçkilərində Yeni Azərbaycan Partiyasından 71 millət vəkili seçilmişdi. Bu il isə bu sayı 80-ə yüksəltmək lazımdır".
Tağı Əhmədov onu da qeyd etdi ki, Yasaman rayonunda 27594 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Seçkilərdə Partiyanın namizədlərinin təşviqatı üçün gənclərdən ibarət elektrodlar, müşahidəçilər və məşvərətçilər qrupu qurulacaq.Tədbirin sonunda gənclərlə fikir mübadiləsi aparılıb. Daha sonra isə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov gənclərlə birlikdə xatirə fotosu çəkdirib.
sia.az