PDF Oxu

Siyasət

  • 6

Lerik uğurlu inkişaf yolunda

Lerik uğurlu inkişaf yolunda

Rayonda 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı ümumrayon yığıncağında görülən işlər açıqlandı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlərlə bağlı Lerik rayonunda ümumrayon toplantısı keçirilib. Toplantıda çıxış edən Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, ilin birinci yarısı bütövlükdə respublikamız üçün, o cümlədən Lerik rayonu üçün də çox uğurlu olub və bir çox sahələrdə əhəmiyyətli nəticələr əldə edilib: "Cari ilin birinci yarısında sahibkarlıq subyektlərində, digər sahələrdə 355 nəfər rayon sakini işlə təmin edilibdir ki, bunlardan da 175-i daimi iş yerləridir. III Dövlət Proqramının icrası ilə bağlı 930 nəfər, ümumilikdə isə dövlət proqramlarının icrası ilə bağlı rayonda bu günə kimi 9938 yeni iş yeri açılıb ki, onların da 40 faizdən yuxarısı daimi iş yerləridir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 10780,1 min manata, sənaye məhsulu 1,8 faiz artaraq 390,9 min manata, rabitə xidmətinin həcmi 8,4 faiz artaraq 246,8 min manata, sərnişin və yükdaşıma xidmətlərinin həcmi 3,2 faiz artaraq 1310,6 min manata, göstərilən ticarət xidmətlərinin həcmi 3,4 faiz artaraq 6956,23 min manata, pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətin ümumi həcmi 6,5 faiz artaraq 39437,2 min manata, muzdla işləyənlərin orta aylıq əməkhaqqı 10 manat artaraq 293,3 manata, adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz artaraq 446,7 manata, adambaşına düşən pullu xidmətlərin həcmi 5,1 faiz artaraq 122,69 manata, tikinti quraşdırma işlərinin həcmi isə 11,1 faiz artaraq 295 min manata çatmışdır".

R.Bağırov kənd təsərrüfatının inkişafı ilə bağlı rayonda bir sıra işlər həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, rayonda mindən yuxarı təsərrüfatda ekoloji cəhətdən təmiz tonlarla bal istehsal olunur. Rayon rəhbəri məhsulun sənaye üsulu ilə qablaşdırılması və satışını təşkil etmək üçün məhsulun sənaye üsulu ilə qablaşdırılmasına, bal və bal məhsullarının satışı üçün ayrıca satış məntəqəsinin yaradılması təşəbbüsünü irəli sürüb.

Rayonda abadılıq-quruculuqla bağlı görülən işlərdən danışan R.Bağırov bildirib ki, son illər rayonda məktəb tikintisində böyük uğurlara imza atılıbdır: "Əvvəlki illərdə qəza vəziyyətində olan, uyğunlaşdırılmış binalarda yerləşən məktəblər ümumi məktəblərin 90 faizini təşkil edirdisə, artıq bu rəqəm 20-25 faizə düşmüşdür. Ən müasir standartlara uyğun inşa edilən və tələb olunan avadanlıqlarla təmin edilən məktəblər şagirdlərin istifadəsinə verilib. Tikintiləri sürətlə davam etdirilən 180 şagird yerlik Boykəndil, Əvilə, Anbu, Pirasora kənd məktəblərinin yeni dərs ilində müəllim və şagird kollektivlərinin istifadəsinə verilməsi nəzərdə tutulubdur. Həmçinin, uzun illər əsaslı təmir olunmadan istismar edilən və qəza vəziyyətinə düşən Sorsçay kənd məktəb binası rayon təhsil şöbəsi tərəfindən əsaslı təmir olunmuş, tələb olunan avadanlıqlarla təmin olunaraq istifadəyə verilibdir. Bütün bunlarla yanaşı, Lerikdə inşa edilən onlarla inzibati idarə binaları, sahibkarlıq subyektləri şəhəri günbəgün gözəlləşdirir. Yaxın günlərdə açılışı nəzərdə tutulan, sahibkar tərəfindən inşa edilən 3 mərtəbəli "AccessBANK"-ın rayon filialı həm şəhərin memarlığında bir yenilik, həm də əhaliyə bank xidmətinin səviyyəsinin yüksəlməsində bir uğurdur. Bankın fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına və rayon sakinlərinin kredit götürməsindən ötrü Lənkəran, Masallı və digər şəhərlərə gedişinin qarşısının alınmasına şərait yaradacaqdır. İlin axırınadək şəhərdə daha iki möhtəşəm binanın, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 100 yerlik uşaq bağçasının və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən inşa edilən kənd təsərrüfatı idarəsi üçün inzibati binanın açılışları həyata keçiriləcəkdir".

R.Bağırov onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında keçən il olduğu kimi bu il də rayon sakinlərinin kütləvi dispanserizasiya işləri, Heydər Əliyev Fondunun dəstəyi və Səhiyyə Nazirliyinin, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif qan xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün növbəti qanvermə aksiyası uğurla başa çatıbdır.

Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı rayon icra hakimiyyətinin daxili imkanları və əhalinin maddi köməyi hesabına keçən illər ərzində yaşayış məntəqələrində 20-dən yuxarı artezian quyusunun qazıldığını vurğulayıb. "Azərsu" ASC tərəfindən rayonun Soru, Gürdəsər və Zenoni kəndlərində qazılan artezian quyularından ancaq Soru kəndində olan quyu əhali tərəfindən istifadə edilir.

Rayon başçısı Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqəti nəticəsində 26 km-lik Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu inşa edildiyini, 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolunun 18 km-i asfaltlaşdırıldığını da vurğulayıb.

R.Bağırov 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu deyib: "Sevindirici haldır ki, ilk Bakı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən Lerik rayonunda da Məşəl Estafeti keçirildi və minlərlə Lerik sakini bu möhtəşəm anları yaşadı. İdmanın kütləviliyinin artırılmasının təmin edilməsi məqsədi ilə rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə Lerik şəhərində futbol üzrə rayon birinciliyi sakinlərin böyük marağına səbəb olmuşdur".

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər