PDF Oxu

Siyasət

  • 8

Qeyri-neft sektoru Azərbaycanın gələcək iqtisadi inkişafının prioritet istiqamətidir

Qeyri-neft sektoru Azərbaycanın gələcək iqtisadi inkişafının prioritet istiqamətidir

İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir"

Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son beş ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 69,9 faizə çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son on iki ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur.

Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük".

İqtisadiyyatın şaxələndirilməsi ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişaf deməkdir

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 17 milyard 568,1 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Qeyd etdiyimiz kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişafa səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında qeyri-neft sektorunun mühüm növ məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınmışdır. Cari ilin birinci yarısında Azərbaycanda 13 milyard 276,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 3,8 faiz çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirlmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin altı ayında Azərbaycanda 3 milyard 669,4 milyon manatlıq qeyri-sənaye malları istehsal olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü tədbirlərin nəticəsidir.

Prezident İlham Əliyev sözügedən müşavirədə ölkə iqtisadiyyatında davam edən dinamik inkişafı qeyd edərək dedi: "Bu ilin birinci rübündə də müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci ildə ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm də dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir".

"Kənd təsərrüfatının inkişafı prioritet məsələdir"

Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: "...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial-iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir".

Onu da vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ötən dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün 25 milyon manat vəsait yönəldilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı Sərəncamla 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması da bu məqsədə xidmət edir. Artıq ölkəmizdə aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra təsirli tədbirlər görülür. İqtisadiyyatın mühüm sahələrindən sayılan kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində həyata keçiriləcək mühüm işlər isə son nəticədə ölkəmizin qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər