Daşkəsəndə bu mövzuda regional konfrans keçirilib
Dünən Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasında "Ənənəvi islam dəyərləri və müasirlik" mövzusunda regional konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər.
Daşkəsən rayon İH-in başçısı Əhəd Abıyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir haqqında qısa məlumat verərək, konfransın işinə uğurlar arzuladı. Əhəd Abıyev xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərindən və onun qorunmasından, ölkəmizdə hökm sürən və bütün dünyaya nümunə olan tolerantlıq mühitindən danışıb. Rayon ərazisində bütün dinlərə olan eyni, bərabər münasibət, yaradılan şərait barədə Ə.Abıyev ətraflı məlumat verib və bildirib ki, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir.
Ə.Abıyev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din-dövlət münasibətlərinin yeni istiqaməti formalaşmış, respublikamızda dini tolerantlığın daha da inkişaf etdirilməsində hüquqi baza yaranmışdır: "Ulu Öndər Heydər Əliyev başqa dinlərə qarşı dözümlülük və tolerantlıq münasibətlərini həmişə qoruyub saxlamışdır. Məhz buna görə də, dövlətimiz tərəfindən Azərbaycanda yaşayan dini icmalara həmişə hörmət və ehtiram göstərilib, adət-ənənələrinə qayğı ilə yanaşılıb. Bu gün bu ənənəni möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səviyyədə davam etdirir. İndi respublikamızın ayrı-ayrı bölgələrində yeni məscidlərin inşa edilməsi, kilsə və sinaqoqların təmir edilməsi, müxtəlif dinə mənsub nümayəndələrin iştirakı ilə beynəlxalq konfransların keçirilməsi buna əyani sübutdur".
Ə.Abıyev ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunmasının təmin edildiyini vurğulayıb və əlavə olaraq bildirib ki, milli və dini ayrıseçkiliyə, Azərbaycanda yad olan təriqətlərə qarşı iş aparılır: "Daşkəsən rayonunda bir məscid və islam təmayüllü bir dini icma fəaliyyət göstərir. Eyni zamanda, rayonda 12 pir və 4 ziyarətgah vardır. Rayon ərazisində Azərbaycan Respublikasıının "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərinə zidd heç bir hərəkətə yol verilmir, vəhabilik, nurçuluq və qeyri-ənənəvi islam təriqətləri və cərəyanlarının fəaliyyəti müşahidə olunmır. Qeyd edim ki, Daşkəsən şəhər "Cümə" məscidi 2006-cı ilin sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib. Daşkəsən rayon dindarlarının dini icması 19 may 2006-cı il tarixdə Dini qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Rayonda "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarəti gücləndirmək, dini sahə ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə icra hakimiyyəti başçısı yanında Dini Məsələlər üzrə Komissiya yaradılıbdır. Bu komissiya rayonda dini mərasimlərin keçirilməsinə nəzarət funksiyasını təmin edir".
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən bəhs edib. Azərbaycanın dinamik inkişaf yolunda olduğunu vurğulayan Mübariz Qurbanlı qeyd edibdir ki, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi uğurlara imza atıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə qəbul olunur və təqdir edilir. Azərbaycan müsəlman ölkəsi olaraq dövlət-din münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Ölkəmizə gələn xarici qonaqlar Azərbaycanın bu sahədə çox böyük nəticələr əldə etdiyini qeyd edirlər".
Mübariz Qurbanlı, həmçinin bu gün ölkədə 2050-dən çox məscidin fəaliyyət göstərdiyini vurğulayıb: "Eyni zamanda, xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin ibadət yerləri də açıq şəkildə fəaliyyət göstərir. Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında nümunə olacaq ölkədir."
Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün islam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə islamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar, əslində islama qarşı yönəldilib. Ölkəmizdə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan M.Qurbanlı onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib. Bildirib ki, bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə hüquq-mühafizə orqanları ilə yanaşı din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır.
Konfransda MM-in deputatı Rövşən Rzayev çıxış edərək ölkəmizdə son vaxtlar dini maarifləndirmə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək, bu cür tədbirlərin böyük əhəmiyət kəsb etdiyini nəzərə çatdırıbdır. İki gün davam edəcək konfransda "Sosial mediada dini təbliğat", "Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları" və "Azərbaycanda missionerlik fəaliyyəti" mövzusunda məruzələr dinlənəcəkdir.
R.KAMALQIZI