İlham Əliyev: "Heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik"
Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial-müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti də əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsində də dövlət başçısı bir çox məsələlərlə yanaşı, sosial-iqtisadi siyasətin hədəflərinə də toxunaraq vurğulayıb ki, bu siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir.
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"
Sözügedən müşavirədə ölkə Prezidenti bu fikirləri deməklə bir daha vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır: "Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə, 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür".
Bu faktlar, doğurdan da, Azərbaycanın uğurlu inkişaf yolunda olduğu və bu inkişaf etmiş ölkədə yaşamaq hər birimizi fərəhləndirir. Çünki bu gün beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər, xüsusən, maliyyə böhranı və iqtisadi tənəzzül dünyanın əksər ölkələrində sosialyönümlü tədbirlərin təxirə salınmasını gündəliyə gətirir. Hətta vaxtilə ən güclü iqtisadiyyata malik olmuş dövlətlər belə sosial layihələri ikinci və üçüncü dərəcəli məsələ kimi qəbul etmək məcburiyyətində qalırlar. Lakin Azərbaycanda isə sosial sahədəki bütün proqramlar əvvəlki qaydasında icra edilir. Doğrudur, dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bizim gəlirlərimiz azalıb. Ancaq ölkəmizdə dövlətin reallaşdırdığı bütün sosial proqramlar vaxtında icra edilir və bu da düşünülmüş proqnozlara əsaslanan siyasətin nəticəsidir. Dövlət başçımızın dediyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik. Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər. Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız."
Azərbaycan düzgün yoldadır
Azərbaycanın sürətli və hərtərəfli inkişafı, əlbəttə ki, düşmənlərini, regionda yenidən təsir gücünə sahib olmaq istəyən böyük qüvvələri narahat edir. Xüsusilə də, ölkədə seçki prosesi ərəfəsi onlar hər vəchlə ölkədəki sabitliyi pozmağa çalışır, iqtidarla xalq arasında nifaq salmağa cəhd edirlər. Ona görə istər dövlət məmuru, istərsə də sadə vətəndaş xüsusilə həssas bir dövrdə, prezident seçkiləri ərəfəsində üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Çünki düşmənimiz bizə dostumuzdan daha yaxındır.
Bütün bunlara baxmayaraq, ölkə başçısının sözləri ilə desək, Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir: "Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər".
"İlin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir"
Dövlət başçısı vətəndaşları ən çox maraqlandıran ipoteka kreditləşməsi məsələsinə də toxunaraq bildirib ki, ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın: "Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Bunun mexanizmi nədən ibarət olacaq? Burada iki yanaşma var. İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək, pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın".
Beləliklə, son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər, bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Xüsusilə də, sosial problemlərin aradan qaldırılması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın sürətli iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.
R.KAMALQIZI