PDF Oxu

Siyasət

  • 5

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla əlaqədar Təşkilat Komitəsinin ilk iclası baş tutub

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla əlaqədar Təşkilat Komitəsinin ilk iclası baş tutub

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə 2015-ci ilin 24 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.

2013-cü ildə keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Əbdüləziz əl Nassir arasında baş tutmuş görüşdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi razılaşdırılmışdır. 2014-cü ilin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində BMT SA Nazirlər Toplantısında bununla bağlı qərar qəbul edilmişdir.

2015-ci ilin 18-19 may tarixində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş Nasser Əbdüləziz əl Nassir ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilmiş və Azərbaycanın foruma ev sahibliyi etməsi ilə bağlı məsələlər bir daha müzakirə edilmişdir.

27 avqust 2015-ci il tarixdə Bakı Biznes Mərkəzində sözügedən forumun təşkili ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İclasda təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, tədbirin beynəlxalq əhəmiyyətini qeyd etmiş və BMT-nin bu mühüm Sammitinin ölkə başçısı Cənab İlham Əliyevin himayəsi ilə keçiriləcəyini diqqətə çatdırmışdır. Xüsusilə, vurğulanmışdır ki, Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoq sahəsində qlobal səviyyədə həyata keçirdiyi layihələrin, xüsusilə, ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq, belə bir yüksək səviyyəli tədbirin ölkəmizdə keçirilməsinə BMT tərəfindən etimad göstərilmişdir.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə təqdimatla çıxış etmişdir. Təqdimatda BMT SA Qlobal Forumunun ev sahibi ölkəsi üçün əhəmiyyəti, onun imicinin müsbət təsirləri və müasir beynəlxalq çağırışlarla bağlılığı qeyd edilmişdir.

İclas zamanı Təşkilat Komitəsinin üzvləri - Təhsil nazirinin müavini Firudin Qurbanov, Daxili işlər nazirinin müavini Oruc Zalov, Dövlət Miqrasiya xidməti rəisinin müavini Pərviz Musayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz Ismayılov və digərləri çıxış edərək tədbirlə bağlı təmsil etdiyi qurumların üzərinə düşən öhdəliklərin lazımi səviyyədə yerinə yetiriləcəyini bildirmiş, tədbirin yüksək səviyyədə təşkili üçün zəruri olan tələblərin tez bir zamanda müəyyən edilməsi və müvafiq fəaliyyət planının hazırlanması zərurətini qeyd etmişlər.

Yekunda qərara alınmışdır ki, cari ilin 8-12 sentyabr tarixlərində ölkəmizə səfər edəcək BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ilə tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparıldıqdan sonra ayrı-ayrı qurumlar arasında vəzifə bölgüsü müəyyən edilsin.

ZÜMRÜD

Digər xəbərlər