Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi parlament seçkilərilə əlaqədar Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini yüksək səviyyədə davam etdirməkdədir. SİA xəbər verir ki, texniki-hüquqi işlərin yerinə yetirilməsilə yanaşı, seçkilərdə aparıcı qüvvə olacaq gənc təbliğatçılarla görüşlər keçirilməkdədir. Məhz, ayın 22-dən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində mobil qrupların üzvlərilə start götürən toplantılara artıq yekun vurulub.Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçki hazırlıqları ilə əlaqədar görülmüş işlər barədə məlumat verib: "Parlament seçkilərilə əlaqədar DSK və MnSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi prosesi yekunlaşdırılıb və seçkilərə start verildikdən sonra onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq. Həmçinin, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də həyata keçirilib. Belə ki, son dəqiqləşməyə görə, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində 22193 nəfər, 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 39762 nəfər və 25 saylı Nizami II Seçki Dairəsi ərazisində 44347 nəfər seçici qeydiyyatdadır. Eyni zamanda, seçkilərlə bağlı görülmüş işlərin yayılması, xüsusilə də, təbliğat-təşviqat zamanı lazımi addımların atılması üçün sosial şəbəkələrlə iş mərkəzi də yaradılıb. Burada əsasən "facebook", "twitter", "youtube" və digər sosial şəbəkə resursları üzrə fasiləsiz iş aparılacaq. Bundan başqa Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlərin imzatoplama kampaniyası üçün hər dairəyə 10 nəfər olmaqla 30 fəal müəyyənləşdirilib. Keçirilən treninqlər zamanı fəallara imza vərəqəsi nümunələri, YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlaşmış təlimat kitabçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib".Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır: "Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işinin koordinasiyasının uğurlu təşkilidir. Düşünürəm ki, qarşıdakı dövrdə də seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl işlər görüləcək".YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri dövlətin gənclər siyasətindən də bəhs edib və gənclərə tövsiyələrini verib.Sonra YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədr müavini Ramil Vəlibəyov mobil qrup üzvlərinə seçki müddətində işləyəcəkləri konkret ərazilərin xüsusiyyətləri, seçici kontingenti və yerli əhəmiyyətli fəaliyyət istiqamətlərini izah edib.Daha sonra seçkilərlə əlaqədar işlərin sistemli və dəqiq aparılması üçün fikir mübadiləsi aparılıb, gənclərin təklifləri dinlənilib və müvafiq qərarlar verilib.Fikirlərini qəzetimizə bildirən gənc mobil qrup üzvlərindən Vüsal Qasımov, Orxan Ərzimanov, Tural Əzimli, Vüqar Səlimov, Müşviq Məmmədov və başqaları deyiblər ki, seçki prosesində işlərin böyük hissəsi gənclərin üzərinə düşür. Bütün seçki proseslərində Nizami rayon gəncləri yüksək aktivlik nümayiş etdirib və bu dəfə də eyni fəallıq olacağını qeyd edən gənclər əlavə ediblər ediblər ki, partiya rəhbərliyinin verdiyi bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Bir daha bildirilib ki, gənclər qarşıdan gələn parlament seçkilərində də YAP tərəfindən irəli sürüləcək namizədlərin qələbəsi üçün əzmlə çalışacaqlar.Bununla da, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində 100-dən artıq gənci ehtiva edən 8 mobil qrupla görüşlərə yekun vurulub.
sia.az