PDF Oxu

Siyasət

  • 14

Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhran: səbəblər və nəticələr

Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhran: səbəblər və nəticələr

Hakimiyyəti total saxtakarlıqla ələ keçirən Serj Sarkisyana qarşı etiraz aksiyaları genişlənir

Cari ilin iyun ayının 19-dan Ermənistanın daxili vəziyyəti hər an sosial partlayış və ya inqilabın baş verə biləcəyi durumundadır. Dünyada işğalçı dövlət kimi tanınan Ermənistan prezidentinin işğalçı siyasəti nəticədə özünü iqtisadi blokadaya düşən ölkə əhalisi aclıq, səfalət və psixoloji böhran içindədir. Artıq erməni xalqı "Öldü var, döndü yoxdur" şüarı ilə fasiləsiz mitinqlər keçirir. Proseslərin gedişi göstərir ki, müxalif qüvvələr məqsədlərinə çatana, yəni Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırana qədər mübarizə aparmaq niyyətindədirlər. İrs partiyasının təmsilçisi Zarui Postanciyan hakimiyyətin təklifindən danışarkən 2008-ci il prezident seçkilərini xatırladıb: "Həmin vaxt müxalifət güclərindən biri "Orinas Yerkir" partiyası idi. Partiya 2008-ci ildə seçkilərin saxtalaşdırılmasına, qanun pozuntularına şərik olaraq hökumətdə yer qazanmaq üçün hakimiyyətlə sözləşməyə getdi. Abramyanın təklifi də bizi seçki cinayətlərinə şərik etmək cəhdidir. Onlar xalqın səsini oğurladılar, bu, oğurluqdur, cinayətdir. Biz indi oğrunu təqib edirik və onlar bu dəfə gizlənməyi bacarmayacaqlar".

Qatil, bandit Serj Sarkisyan

Ermənistanda nəşr olunan "Arm Today" qəzetinin yazdığına görə, Ermənistan prezidenti Serj Sarkisyanın dinc əhalinin qatili olması artıq beynəlxalq aləmdə də öz əksini tapıb. O, həm də öz ölkəsində qatil, cani kimi tanınıb. 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən sonra xalq küçə və meydanlara çıxaraq seçkinin saxtalaşdırılmasına, zorakılıq hallarının baş alıb getməsinə, prezidentliyə digər namizədlərin seçki qərargahlarının yandırılmasına və seçicilərə hədə-qorxu gəlinməsinə ciddi etirazını bildirdilər. O zaman dinc aksiya iştirakçıları gülləbaran edildi. Rəsmi məlumatda 13 nəfərin qətlə yetirildiyi bildirilirdi. Qeyri-rəsmi məlumatlarda isə 100-dən çox aksiya iştirakçısının öldürüldüyü barədə məlumat verilirdi. Bu, həmin vaxt Ermənistan prezidenti "seçilmiş" Serj Sarkisyandan öz xalqına ilk "töhfə" idi". Qəzetin yazdığına görə, Ermənistan prezidenti məlum cinayətin motivləri, kimlər tərəfindən təşkil olunduğunu və qatillərin kimliyini də çox yaxşı bilir. Artıq Ermənistanda yerli əhali Serj Sarkisyanı öz millətinin qatili kimi tanıyır. Bu yaxınlarda Ermənistanda keçirilən mitinqdə çıxış edən sabiq prezident Levon Ter-Petrosyan Serj Sarkisyanı bandit adlandıraraq deyib: "İndi çox əhəmiyyətli gün, ölkəmizin əsl sahiblərinə çevrilməmizlə başa çatacaq hərəkatın əvvəlidir. Bu məqsədə çatmaq üçün hamımız küçələrə çıxmalı, hakimiyyət qəsbkarı və bandit olan Serj Sarkisyanın istefasına qədər mübarizə aparmalıyıq. Laqeyd qalmamalıyıq. Əfsuslar olsun ki, bütün diktatorlar kimi, Ermənistandakı hakimiyyət də üzərinə düşən məsuliyyəti anlamır. Sarkisyan iqtidarı siyasi müxalifətə qarşı informasiya blokadası, mitinq və etiraz aksiyalarının qadağan edilməsi, polislə qorxutmaq, həbsxanalar və silahla ram etməyə çalışmaq vasitəsilə qanunsuzluqlara əl ataraq yalançı "stabillik" görüntüsü yaratmağa çalışır. Qatilin, cinayətkarın, banditin, at oğrusunun adını çəkməyin. Beyində qəzəb doğurur, ürəyi də bulandırır. Bu ölkədə heç kim S.Sarkisyana hörmət etmir, onu prezident kimi saya salmır. Çünki onun əlləri günahsız insanların qanına batıb. O, çoxlu sayda uşaqların, qocaların, qadınların vəhşicəsinə qətlə yetirilməsinin təşkilatçısı və iştirakçısı olub".

Ermənistan mətbuatı onu da yazır ki, S.Sarkisyan Rusiyanın qazın qiymətini artıracağından xəbərdar imiş, lakin susmağa üstünlük verib. Eyni sözləri qazın qiymətini bahalaşdırmaq fikrinə düşən Rusiyanı ittiham etməyə başlayan Ermənistanın Ekspert Cəmiyyəti barədə də demək olar. Tanınmış politoloq Stepan Qriqoryan bəyan edib ki, Rusiyanın Ermənistanla münasibətdə yürütdüyü hazırkı siyasətdə kifayət qədər mühüm elementləri var: "Rusiyada deyirlər ki, siz bizdən qaça bilməzsiniz, qiyməti artırsaq da, siz axıradək bizimlə olacaqsınız, hər nə etməyimizdən asılı olmayaraq!"

İşğalçı ölkənin ümumi borcu 5 milyard dollara yaxındır

Hazırda bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatmışdır. Ermənistan Mərkəzi Bankının hesabatına görə, ölkənin xarici borcu gəlirləri 60 faiz üstələyir. Bu isə son 10 il üçün ən böyük göstərici hesab olunur. Bu baxımdan hökumət yaranan problemləri həll etmək iqtidarında deyil. Çünki Ermənistan tamamilə iflasa uğrayıb və borc içində olan ölkənin rəhbərliyi nə edəcəyini bilmir.

Son rəsmi məlumatlara əsasən, ölkənin ümumi borcu 5 milyard dollara yaxındır. 2015-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələmişdir. Elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə, əhalinin hökumətə inamı tamamilə itmişdir. Bu hal əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi deməkdir. Ermənistanda cari ildə də iqtisadi göstəricilər yaxşıya doğru dəyişməmişdir. Nəticədə, yoxsulluq səviyyəsi bir qədər də artmışdır və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməmiş, əksinə, mənfi təsir etmişdir. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırmışdır. Odur ki, Ermənistanda iqtisadi tənəzzül davam edir və cari ildə inflyasiya daha da artacaqdır. Bu səbəbdən böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır. Məhz buna görə də, Ermənistandakı dözülməz vəziyyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır.

Cari ilin əvvəlindən ölkəni 12 min əhali tərk edib

Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, 2015-ci ilin əvvəlindən ölkəni 12 min əhali tərk etmişdir. Amma qeyri-rəsmi mənbələrə görə bu, deyildiyindən dəfələrlə çoxdur. "Armenia today" yazır ki, son bir il ərzində Ermənistandan köçənlərin sayında artım müşahidə edilməkdədir. Əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan cana doymuşlar. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirmişdir. Ölkənin sosial problemlərini aradan qaldırmaq üçün kifayət qədər siyasi-iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaratmışdır. Politoloqların sözlərinə görə, ölkənin belə bir ağır duruma gəlməsinin səbəbi məhz Ermənistan prezidenti Serj Sarkisyandır. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü Azərbaycan və digər qonşu ölkələrlə regional əməkdaşlıqdan məhrum etmişdir və bunun nəticəsi Ermənistandakı köklü yoxsulluqdur. Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Beləliklə, bu, məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə erməni xalqının özünün kriminal diktatura rejimindən əziyyət çəkdiyni bildirərək demişdir: "Bu rejim erməni xalqını elə pis vəziyyətə salmışdır ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq".

Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdıraraq qeyd etmişdir: "Necə olur ki, dünyada əhalisinin 99 faizinin bir millətin nümayəndələrinə aid olan ölkədə - Ermənistanda ksenofobiya haqqında hekayədən danışırlar. Nə üçün digər millətlərin nümayəndələri orada özlərinə yer tapa bilmirlər? Lakin Azərbaycan öz ərazisində çoxlu etnik qrupların nümayəndələrinin və müxtəlif dini etiqadı olan insanların yaşaması tarixindən bu gün də qürur duyur. Ölkəmiz bu gün bütün dinlərin və etnik qrupların nümayəndələri üçün bir evdir. Bu gün qlobal miqyasda Azərbaycan müxtəlif din və etnik qrup nümayəndələrinin sülh şəraitində birlikdə yaşamasının yaxşı nümunəsidir. Buna görə də qurban və təcavüzkar arasında fərq qoyulmalıdır. Təcavüzkar məsuliyyətə cəlb edilməlidir".

Beləliklə, bütün bunların fonunda Ermənistanda sosial-iqtisadi böhran getdikcə dərinləşir. Erməni sosioloqların araşdırmasına əsasən, əhalinin, təxminən 60%-i ölkədəki iqtisadi vəziyyətdən narazıdır və son günlər baş verən hadisələr isə bu narazılığın pik nöqtəsinə qalxmasına gətirib çıxarıb. Bir sözlə, bu gün Ermənistan ordusunun hansı vəziyyətdə olmasını həm biz, həm dünya ictimaiyyəti, həm də Serj Sarkisyan özü çox gözəl bilir... Bütün bunlar Ermənistanın üzləşdiyi problemlərin miqyasının daha da genişlənəcəyini, ölkənin təkcə sosial-iqtisadi yox, həm də siyasi müstəvidə böhrana düçar olacağını göstərir. Bu vəziyyətdə isə Ermənistanın bir dövlət olaraq məhvə məhkumluğu labüddür.

A.SƏMƏDOVA

Digər xəbərlər