PDF Oxu

Siyasət

  • 6

YAP Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi növbəti toplantısını keçirib

YAP Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi növbəti toplantısını keçirib

Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsi tam gücü ilə seçki hazırlıqlarını davam etdirir. Dünən Qobustan rayon şöbəsində keçirilən Şura və Qərargah üzvlərinin birgə iclasında YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev məlumat verərək bildirib ki, YAP Mərkəzi Seçki Qərargahının İsmayıllıda keçirilən müşavirəsi bizim üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirib: "Xüsusən partiya fəalları üçün YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun seçki hazırlıqları ilə bağlı tövsiyə və tapşırıqları onların fəaliyyətinin əsas xəttini təşkil edir. Xüsusən, ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin xarici və daxili siyasətinin uğurları, iqtisadiyyatımızın davamlı inkişafı, əhalinin rifah halının yüksəlməsi, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçkilərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaqdır".

YAP -ın zəngin seçki təcrübəsi olduğunu bildirən F.Gülaliyev qeyd etdi ki, partiyanın rayon təşkilatı parlament seckilərinə hazırlıq məsələlərini xususi diqqət mərkəzində saxlayır: "Bununla belə bu istiqamətdə daim müasir secki texnologiyaları öyrənilir və istifadə olunur. Biz ötən seçkilərdə də səmərəli seçki texnologiyalarından istifadə etməklə müsbət nəticələr əldə etmişik. Ona görə də partiyamızın fəalları seminarlar, treninqlər vasitəsi ilə seçki biliklərini və təcrübələrini daim artırmalıdırlar. Biz həmişə çalışırıq ki, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasına rəsmi start verildikdən sonra bütün prosedur qaydalarına əməl edək. Namizədlərin irəli sürülməsi,onların xeyrinə imzaların toplanması, seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin müəyyənləşməsi, təbliğat qruplarının yaradılması və s. məsələlər qarşımızda duran əsas vəzifələrdir. Artıq birinci mərhələdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməkdədir. Çalışmalıyıq ki, bu vəzifələrin öhdəsindən layiqincə gələk. Ona görə də seçkilərə rəsmi start verilənə qədər üzərimizə düşən vəzifələri yerinə yetirməliyik".

Sonda parlament seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılmaqla təklif və tövsiyələr dinlənildi.

R.HÜSEYNOVA

Digər xəbərlər