İlham Əliyev: "Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir"
Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dünya enerji bazarında yeddi neft-qaz kəməri ilə iştirak edən, enerji təhlükəsizliyində mövqelərini möhkəmləndirən Azərbaycan çoxşaxəli ixrac-nəqliyyat imkanlarına malik olduğunu dünya birliyinə sübut edir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa İttifaqına daxil olan ölkələrin enerji təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi diqqət yetirilir.
Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün 3 neft, 4 qaz kəməri mövcud olsa da, Xəzərin təbii ehtiyatları əlavə layihələrin işlənməsi və istismarı üçün də kifayət edər. Mütəxəssislərin araşdırmalarına görə, 2020-ci ildə Avropanın təbii qaza illik tələbatı indiki 500 milyard kubmetrdən 700 milyard kubmetrə çatdırılacaq. Azərbaycana məxsus "Şahdəniz" yatağından çıxarılacaq qazın çox hissəsi alternativ variantlarla Avropaya nəql olunacaq. Qarşıdakı illərdə "Şahdəniz" qazını Avropaya çatdıracaq Trans-Anadolu qaz kəməri bir neçə səbəbə görə tarixi əhəmiyyətə malikdir. Xəzər qazının Avropaya çatdırılması ilə bağlı müzakirələrin region və Avropa İttifaqı ölkələri üçün əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, bu sahədə həmişə lider olan ölkəmiz yenə də faydalı təşəbbüsləri ilə öz sözünü deyir: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir". Prezident bildirib ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır.
"Şahdəniz-2" layihəsinin gerçəkləşməsi "Cənub" qaz dəhlizi vasitəsilə mavi yanacağın Xəzər dənizindən Avropadakı bazarlara çatdırılacağı deməkdir. Bu, həm də Azərbaycanın enerji sektoruna böyük həcmdə yeni investisiyaların yatırılması anlamına gəlir. Dövlət başçısının sözlərindən də görünür ki, böyük iqtisadi və sosial əhəmiyyətə malik olan "Şahdəniz-2" layihəsi Azərbaycana iri həcmdə yeni sərmayələr cəlb etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasına da təkan verəcəkdir: "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir".
Ümumilikdə, "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır.
TANAP VƏ TAP kəmərləri
Azərbaycanı
dünya enerji
bazarlarında söz sahibinə
çevirəcək
Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Proqnozlara görə, TANAP layihəsinin reallaşması 7 milyard ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək. Layihənin 4 mərhələdə həyata keçiriləcəyi gözlənilir. Onun ilk mərhələsi 2017-ci ildə başa çatacaq. Bu, "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismarın 2018-ci ilin əvvəlində başlanması ilə bağlıdır. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Bununla da Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini TANAP vasitəsilə ixrac etmək mümkün olacaq. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu daha da artacaq.
Beləliklə, bütün həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu artırır və Azərbaycan dövlətinin regionda və dünyada mövqelərinin daha da möhkəmlənməsinə, onun Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilməsinə imkan yaradıb.
RƏFİQƏ KAMALQIZI