Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının Seçki Qərargahında noyabrın 1 də keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının və eyni zamanda Seçki Qərargahının sədri Fəxrəddin Vəliyev əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verdi.Daha sonra Fəxrəddin Vəliyev xatırladıb ki, Prezident İlham Əliyevin Milli Məclisə seçkilərin təyin edilməsi haqqında Sərəncamı imzalanandan sonra YAP tərəfindən irəli sürülən namizədlər ictimaiyyətə açıqlanacaq və bundan sonra qanuna müvafiq olaraq, namizədlərin imzatoplama kampaniyasına start veriləcək. İmza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü deyən F.Vəliyev qeyd etdi ki, bütün digər seçkilərdə olduğu kimi, bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə YAP üzvlərinin zəngin təcrübəsinin olduğunu bildirdi.F.Vəliyev çıxışında əlavə etdi ki, Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, onların hansı qaydalara əməl etmələri, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. YAP tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlanıb: "Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir". Daha sonra tədbirdə müvafiq müzakirələr aparıldı və imza toplayacaq fəalların sualları cavablandırıldı.
sia.az