"Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulmasını Sarkisyanın daxili siyasətinin bir hissəsi kimi dəyərləndirmək olar". Bu sözləriSİA-ya açıqlamasında siyasi ekspert Elman Nəsirli deyib.Ekspertin sözlərinə görə, Ermənistanın cəbhə xəttində intensiv şəkildə atəşkəs rejimini pozması hakimiyyətinin təsdiq edilmiş ənənəvi üsulludur:" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş tendensiyasını sezdikləri anda atəşkəs rejimini kəskin şəkildə pozmağa başlayır, uzlaşma prosesindən qaçırlar. Çalışırlar ki, danışıqlarda əsas məsələ kənarda qalsın. Diqqət yalnız atəşkəs rejiminin qorunub saxlanılması məsələsinə yönəlsin. Bu yaxınlarda həmsədrlərin yaydığı bəyanatlara əsasən sentyabr ayında BMT Baş Məclisinin toplanması gözlənilir. Onlar burada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasını təklif etmək istəyirlər. Əgər bu görüş doğurdan da baş tutsa, Ermənistanı narahat edən bir çox məsələ ortaya çıxacaq. Onlar həmin görüşün baş tutmasını istəmir, atəşkəsi tez-tez pozmaqla məsələni arxa plana salmaq istəyirlər". Politoloq məsələdə ikinci tərəfin olduğunu qeyd edib: "Məsələdə ikinci bir tərəf də var. Ölkənin siyasi böhranı dərinləşdikcə Sarkisyan rejimi ölkə əhalisinin diqqətini daxili xaosdan yayındırmağa çalışır. Bunun üçün bütün vasitələri işə salaraq Azərbaycan sərhədində və cəbhədə atəşkəs rejimini intensiv şəkildə pozur. Elə bir vəziyyət yaradır ki, əhalinin sosial, iqtisadi və hüquqi problemlərdən daha çox diqqəti Azərbaycanla bağlı münaqişədə qalsın. Bu iki məqam hər zaman özünü göstərib".
sia.az