"Avropanın qarşılaşdığı immiqrant probleminin günahkarı Avropanın özüdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib.Hazırda Avropanın mürəkkəb dövr yaşadığını deyən ekspertin sözlərinə görə, immiqrant problemi Avropanın vəziyyətini daha da ağırlaşdırır: "Gün ərzində Avropa ölkələrinə Afrika və Asiya qitəsindən yüzlərlə immiqrant köçür. Bu Avropa ölkələri üçün yeni bir problem yaradır. Avropa hələ də məsələnin həlli yollarını axtarmağa çalışır. Lakin hələ də müəyyən bir nəticəyə gəlinməyib. Əgər Avropa ölkələri özlərini şəffaf sərhədçi dövlətlər kimi təqdim edirlərsə, o zaman gərək bu məsələdə də güzəştə getməlidirlər".Politoloq Avropanın immiqrantlarla bağlı tezlikcə bir tədbir görməyə məcbur olduğunu vurğulayıb: "İmmiqrantlara müəyyən şəraitlər yaradılmalıdır. Müəyyən bölgələrdə şəhərciklər salınmalı və əhali buraya yerləşdirilməlidir. Onlara qayğı göstərilməlidir. Çünki bütün bu problemlərin səbəbkarı və günahkarı Avropanın özüdür. Avropanın aparıcı dövlətlərinin bu qitələrdə apardığı siyasət nəticəsində həmin ölkələrdə yaşayış faktiki olaraq çətinləşib. Ona görə də günahın müəyyən hissəsi Avropa ölkələrinin boynuna düşür. Avropa bu vəziyyətdən çıxış yollarını axtarıb, qərar qəbul etməlidir".
sia.az