PDF Oxu

Siyasət

  • 7

Ermənistan-2015: siyasi və iqtisadi uçuruma baxış

Ermənistan-2015: siyasi və iqtisadi uçuruma baxış

Sarkisyan 1,1 milyon insanı səfillik həddinə çatdırıb

Bəşər tarixi məşhur şəxsiyyətlər, dahi insanlarla yanaşı, yaramazların və dəyərsiz kəslərin də adlarını unutmayıb. Qədim yunan əsatirlərindəki Leta çayına girən hər insan zamanın axarından bir daha çıxar bilməzdi və o zaman insanların bütün əməllərini yaddaşına yazırdı. Amma nə yazıqlar ki, ermənilərin uzun tarixində bəşəriyyət üçün prinsipial baxımdan qəhrəman sayılası birinə rast gəlmək mümkün deyil. Elə indinin özündə də Ermənistandakı hadisələr tarixin dəyişməz qanunlarının sabit şəkildə ermənilərin həyatında təkrarlandığını göstərir. Bunun səbəbi özünü "balaca çarcıq" sayan Ermənistan prezidenti Serj Sarkisyanın hakimiyyətə gəldiyi ilk gündən bəri ölkəni uçuruma sürükləməsidir. Məhz bu səbədən də ermənilar indiyədək yaşadıqları təki, bundan sonra da ömür sürmək istəmirlər.

Onlar beziblər, çünki insan kimi yaşamaq istəyirlər

Səbəb: insan kimi yaşamaq istəyirlər. Ermənistan parlamentinin deputatı Viktor Dallakyan deyir: "Ermənistanda indi 1,1 milyon insan yoxsuldur və onların tam əksəriyyəti səfillik həddindədir. Əyalətlərdə isə işsizlər və yoxsulların sayını kimsə bilmir. Çünki rəsmi statistika bu insanları "gözəgörünməz" hala salaraq gizlədir, qeyri-hökumət təşkilatlarına isə hesablamalar və araşdırmalar aparmağa imkanlar verilmir. Prezident Serj Sarkisyanın cinayətkar siyasəti nəticəsində Ermənistan ah-nalə səslərinin yüksəldiyi məkana, yoxsulların bir tikə çörək üçün ən ağır zəhmətlərə qatlaşdığı bir ölkəyə çevrilib. Hansı müstəqillikdən danışılır? Erməni xalqı özünü müstəqil ölkənin vətəndaşı saymır".

Erməni deputatı: "Müstəqilliyimiz əldən gedir"

Erməni Milli Konqresinin parlament fraksiyasının katibi, deputat Aram Manukyan Ermənistanın müstəqillik əldə etməsinin 23-cü ildönümü ilə bağlı açıqlamasında bildirib ki, erməni vətəndaşı əsarət altında yaşayır: "Təəssüf ki, Ermənistan hazırda müstəqilliyini itirmək mərhələsindədir. Müstəqillik xalqların, dövlətlərin xəyalıdır. Müstəqil dövlətdə insanlar etibarlı şəraitdə yaşayırlar və xoş gələcəyə hesablanan proqnozlar verirlər".

Onun sözlərinə görə, Ermənistan son zamanlar müstəqilliklə bağlı məsələlərdə itkilər mərhələsinə keçib. Deputat bildirib ki, Ermənistan hakimiyyəti ölkənin əmlakını şəxsi diplomatiyaya qurban verərək, başqalarına güzəştə gedir: "Bizim hakimiyyət zamanında isə dövlət institutları yaradılmışdı. Ləyaqətli xarici siyasət aparırdıq. Təəssüf ki, indi ölkənin əmlakı şəxsi diplomatiyaya görə başqalarının əlinə keçir".

Göründüy kimi, ağır iqtisadi böhran məngənəsində boğulan Ermənistan artıq uçurumun astanasındadır. Təsadüfi deməyiblər ki, özgəyə quyu qazan özü düşər. Hakimiyyətin yürütdüyü çürük daxili və xarici siyasət, qonşu ölkələrlə əlaqələrin qırılması, qanunların işləməməsi, maliyyə böhranı üzündən yüzlərlə müəssisənin qapılarından qıfıllar asılması, ölkənin var-yoxunun S.Sarkisyan nəslinə mənsub bir qrup korrupsioner oliqarxın əlində cəmləşməsi üzündən əhalinin gələcəyə ümidi itib və onlar yeganə çarəni ölkəni kütləvi surətdə tərk etməkdə görürlər. Bəli, bu gün Ermənistan əhalisi üçün vətəndən qürbətə qaçış meydanına dönüb. Artıq Ermənistan deyilən bu bina çat verməkdədir. Yerli və beynəlxalq ekspertlərin fikrincə, bu binanın uzun ömrlülüyünə heç kəs zəmanət verə bilməz. Çünki bu çat günbəgün dərinləşməkdədir. Ermənistan rəhbərliyinin pul gücünə aldadaraq Qarabağa göndərdiyi muzdlu dəstənin üzvlərindən biri - Xaçik Avetisyan deyib ki, "...ermənilərin müstəqillik günündə bir-birlərini təbrik etməyə haqları yoxdur. Çünki belə bir müstəqil ölkə mövcud deyil. Ermənistanın bütün hakimiyyət qanadları bir tayfa qrupu tərəfindən zəbt edilib. Bir tayfanın yumruğu altında əzilən xalq müstəqil ola bilməz".

Ermənilərin özlərinin də etiraf etdikləri kimi, ölkələrinin özgürlüyü quruca kağız üstədir. Orada müstəqillikdən əsər-əlamət yoxdur. Ermənistanın forpostu olduğu dövlətin inhisarından xilası imkan xaricindədir. Oradakı nəhəng sənaye müəssisələrinin 60 faizdən çoxu artıq Rusiyanın tabeliyindədir. Ermənistanın ən böyük şəhərlərindən biri olan, vaxtilə 200 mindən artıq insanın yaşadığı Gümrü şəhəri artıq Rusiyanın hərbi poliqonuna çevrilib. Əhalinin xeylı hissəsi oradan köçürülüb. Gümrü qapalı şəhər elan olunub və ora giriş qadağan edilib. Ermənistanın hüquq müdafiəçisi Mikael Danielyan mətbuata verdiyi açıqlamada bildirib ki, "Gümrü hərbi bazasındakı rus əsgərlərinin sayının daha üç min nəfər artırılması göstərir ki, keçmiş SSRİ Ermənistanı hələ də tərk etməyib. 1995-ci ildə rus hərbi bazasının Gümrüdə yerləşdirilməsinə dair müqavilənin imzalandığı gün Ermənistanın öz müstəqilliyi ilə vidalaşdığı gündür".

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın və sabiq daxili işlər naziri Vardan Oskanyanın fikrlərinə görə, Ermənistanın fəlakət bataqlığından qurtulmasının yalnız bir yolu var: Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş bütün torpaqlarını geri qaytarmaq. Əks-təqdirdə, Ermənistan özü-özünü itirmək təhlükəsi qarşısında qalacaq.

A.SƏMƏDOVA

Digər xəbərlər