PDF Oxu

Siyasət

  • 10

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində gənclərlə görüş keçirilib

YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində gənclərlə görüş keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın fəal gəncləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi parlament seçkilərində gənclərin aktivliyini təşkil etmək və onlara tövsiyələr vermək olub. Tədbirdə YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov çıxış edərək ölkə Prezidenti tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığından danışıb.

R.Fərəcov, həmçinin əldə etdikləri uğurlara görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə gənclər adından dərin minnətdarlığını bildirərək qeyd edib ki, bu il Azərbaycanda daha bir siyasi tədbir - parlament seçkiləri keçiriləcək: "Məhz hər zaman olduğu kimi, bu seçkilərdə də gənclərin aktiv iştirak etmələri vacib amildir. Çünki gənclər ölkənin gələcəyini təmin edənlərdir. Partiyamızın ətrafında toplaşan hər bir gənc YAP-ın irəli sürdüyü namizədlərin təbliğatlarında əllərindən gələni əsirgəməməlidirlər. Qarşıya qoyduğumuz məqsəd üçün bizlər bir olmalı, eyni amalla çalışmalıyıq".

R.Fərəcov, həmçinin onu da vurğulayıb ki, seçki prosesində işlərin böyük hissəsi gənclərin üzərinə düşür: "Əminliklə deyə bilərəm ki, bütün seçki proseslərində Səbail rayon gəncləri yüksək aktivlik nümayiş etdirib və bu dəfə də eyni fəallıqları ilə seçiləcəklər. Partiya rəhbərliyinin verdiyi bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Seçkilərlə bağlı görülmüş işlərimizin yayılması, xüsusilə də, təbliğat-təşviqat zamanı lazımi addımların atılması üçün sosial şəbəkələrlə artıq iş mərkəzləri də yaradılıb. Burada əsasən "facebook", "Twitter", "Youtube" və digər sosial şəbəkə resursları üzrə fasiləsiz iş aparılacaq. Biz Səbail rayon gəncləri qarşıdan gələn parlament seçkilərində də YAP tərəfindən irəli sürüləcək namizədlərin qələbəsi üçün əzmlə çalışacağıq".

YAP Səbail rayon təşkilatının sədrinin birinci müavini, rayon şöbəsinin Seçki Qərargahının sədrinin müavini Muxtar Nağıyev diqqətə çatdırıb ki, YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır: "Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini yüksək səviyyədə aparır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü şəkildə qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Ötən seçkilərin təcrübəsindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işini düzgün koordinasiya etməkdir. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərlə öz seçki təcrübəmizi bölmək və tövsiyələrimizi verməkdir".

YAP GB-nin sədr müavini Ramin Məmmədov isə, öz növbəsində Azərbaycan gənclərinin ölkə daxilində və ölkə hüdudlarından kənarda fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan gəncləri çox xoşbəxt gənclərdir: "Biz xoşbəxt gəncliyik ona görə ki, bizim Azərbaycan adlı bir dövlətimiz var. Ona görə də gənclərimiz ölkənin müqəddəratını həll edə biləcək bütün proseslərdə aktiv iştirak etməyi özlərinin mənəvi borcu hesab etməlidirlər. Tam əminliklə söyləyirəm ki, Yeni Azərbaycan Partiyasının ətrafındakı bütün gənclər partiyanın Qurucusu, Ümummilli Lider Heydər Əliyevin ideyalarının, eləcə də Partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin gənclər arasında təbliği istiqamətində bu günə kimi səmərəli fəaliyət göstərib və bundan sonra da əsas fəaliyyətlərini bunun üzərində quracaqlar. Qarşıdan gələn siyasi kampaniyada-parlament seçkilərində də gənclərimizi daha aktiv iştirak etməyə çağırıram".

YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədrinin müavini Mehman İsmayılov bildirib ki, gəncliyin inkişafına dəstək Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm yer tutur: "Yeni Azərbaycan Partiyasının gəncləri ölkədə keçirilən bütün siyasi kampaniyada aktivlik göstəriblər. İnanırıq ki, gənclərimiz bu seçkilərdə də fəallıq nümayiş etdirəcək və yenə də Yeni Azərbaycan Partiyasının namizədlərinin təbliğatı istiqamətində birlik nümayş etdirəcəklər".

Tədbir mövzu ətrafında diskussiyalarla davam etdirilib.

R.HÜSEYNOVA

Digər xəbərlər