İlham Əliyev: "Bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb"
Son illərdə dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Xüsusilə bu inkişafda özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ölkəmizdə sahibkarlığın inkişafına maksimum dərəcədə qayğı göstərilməsinin zəruriliyini bir daha vurğulayıb: "Qeyd etməliyəm ki, qeyri-neft sektorunun inkişafı çox sevindiricidir, bu il 9,2 faiz artıb. Əlbəttə ki, daha çox sahibkarlığın inkişafı, sahibkarların fəaliyyəti hesabına. Çünki dövlət sektorunda artımı daha çox enerji sektoru təmin edir. Ona görə sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".
Sahibkarlara qarşı heç bir əsassız tələblər irəli sürülməməli, sahibkarlar da məsuliyyətli olmalıdır
Ölkəmizdə sahibkarlığın inkişafının hərtərəfli şəkildə dəstəklənməsi, bu sahədə şəffaflığın təmin olunması istiqamətində müxtəlif tədbirlərin görülməsinə baxmayaraq, hələ də müxtəlif qurumların sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilə etmələri kimi mənfi hallara rast gəlinir. Bu kimi hallar ölkəmizin müasir imicinə xələl gətirməklə yanaşı, həm də sahibkarlığın inkişafına süni əngəl törədir. Ölkə Prezidenti sözügedən müşavirədə sahibkarları, eyni zamanda, məsuliyyətli olmağa, vergiləri vaxtında ödəməyə dəvət etmişdir: "Ancaq eyni zamanda, əlbəttə ki, sahibkarlar da məsuliyyətli olmalıdırlar. Onlardan bizim heç bir başqa tələbimiz yoxdur, ancaq vergiləri vaxtında ödəsinlər. Əlbəttə ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm. Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər. Mən burada heç bir tövsiyə də vermək istəmirəm. Ancaq tələblərə gəldikdə, sahibkarlar vergiləri tam şəkildə ödəməlidirlər".
Bununla yanaşı, dövlət başçısı çıxışında dövlət qurumlarına çox ciddi göstəriş vermişdir ki, sahibkarlara qarşı heç bir əsassız tələb irəli sürülməməlidir. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri bu məsələdə üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməlidirlər: "Əgər həmin qurumlar hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq".
2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib
Son illərdə dövlət başçısının elan etdiyi "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyev son illərdə ölkəmizdə özəl bölməyə göstərilən dövlət qayğısına və bunun nəticəsində çoxsaylı sahibkarlar ordusunun yarandığına diqqət çəkərək deyib: "Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın. Məhz bunun nəticəsində bu gün Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranıb".
Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti bu gün də davam edir. Belə ki, cari ilin birinci yarısında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib.
Beləliklə, ölkədə sahibkarlığın dəstəklənməsinin, həmçinin, güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Beləliklə, qeyd edilənlərdən belə qənaətə gəlinir ki, ölkə rəhbərinin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - dövlət başçısının qarşıya qoyduğu başlıca hədəflərdir.
RƏFİQƏ KAMALQIZI