Rayon əhalisi əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək
Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 22 il ötür. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfərdən çox olub.
Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub, 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi respublikanın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Ərazisi 802 kv.km-dir. 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi olan Qubadlı rayonu 1930-cu ildə yaradılıb. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Rayonda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisəsi, 650 km avtomobil yolu, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 km elektrik xətti, 165 kilometr magistral qaz-boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasosu stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13365 hektar meşə sahəsi işğal altında qalıb.
Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.
Dövlətimiz hər zaman əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görür. Eyni zamanda, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qaçqın və məcburi köçkünlərimizə dövlət qayğısı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması ilə bağlı Dövlət Proqramının qəbulu bu mənada əsaslı nəticələrə gətirib çıxarıb. Bu da Qubadlı əhalisində respublika rəhbərinin apardığı siyasətə böyük inam və etibar yaradır. Onlar əmindirlər ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək.
Ü.ƏSGƏROV