Elman Nəsirli: " Ermənistan bir müddət sonra dəhşətli proseslərin poliqonuna çevriləcək və öz məhvinə imza atacaq"
Öz işğalçı siyasəti ucbatından regiondakı bütün layihələrdən kənarda qalan Ermənistanda daxili vəziyyət getdikcə ağırlaşmaqdadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Buna paralel olaraq ictimai-siyasi kataklizmlər daha da güclənməkdədir. Ermənistan mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Siyasi gərginlik iqtisadi böhranı daha da dərinləşdirir
Ermənistan mətbuatı yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Görünən odur ki, vətəndaşlar Ermənistanın hazırkı durumundan narazıdırlar və ölkə sosial inqilab astanasındadır. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir.
"Joxovurd" qəzeti yazır ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə ölkənin dövlət borcu 4 milyard 441 milyon 554 min dollardır. Bildirilir ki, təkcə 2014-cü ilin dekabr ayında dövlət borcu 26 milyon 847 min dollar artıb: "Bu borcların 3 milyard 785 milyon 208 min dolları xarici borcdur. 2014-cü ilin son ayında xarici borc isə 81 milyon 598 min dollar artıb. Həmçinin, 2015-ci ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin dekabr ayı ilə müqayisədə 4,5 faiz bahalaşıb".
İşğalçı ölkə mətbuatının digər bir məlumatına görə, 2014-cü ildə Ermənistanda işsizlərin sayı 2013-cü illə müqayisədə 18 faiz artıb. Təbii ki, bütün bu hallar miqrasiya dalğasını sürətləndirir. Erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalındığını qeyd edib. Nəşr Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edərək yazır ki, təkcə 2014-cü ildə 47 min erməni xarici ölkələrə miqrasiya edib. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min erməninin ölkəni tərk etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, siyasi xaos və iqtisadi böhran içində olan Ermənistanı tərk edən əhalinin 22 mini ölkə vətəndaşlığından imtina edib.
Ermənistan ordusu bu gün Azərbaycan Ordusunun qarşısında çox aciz, cılız bir formada olan dəstədən ibarətdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı "SƏS" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli son zamanlar işğalçı ölkədə baş alıb gedən etiraz aksiyaları barədə danışarkən deyib ki, həqiqətən də bugünkü vəziyyət artıq Ermənistanın məhvə doğru getdiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Ermənistanda enerji qiymətlərinin 17 dram artması cəmiyyətdə çox böyük etiraza səbəb olub: "Haqlı olaraq Rusiya və Ermənistan ekspertləri qeyd edir ki, oxşar hadisə başqa ölkələrdə baş versəydi, insanlar heç də bu cür reaksiya verməyəcəkdi. Yəni bu, onu göstərir ki, Ermənistanda əhalinin sosial vəziyyəti o qədər çətindir ki, hətta 17 faiz qiymət artımına belə cəmiyyəti ayağa qalxmağa vadar edib. Bu da onu göstərir ki, Ermənistanın sosial və iqtisadi vəziyyəti həddən artıq ağırdır. İlk növbədə, daha çox gəncləri əhatə edən bu qiyam hərəkatı daha da gücləndi və artıq hakim rejim daha qəddar metodlara üz tutur. Xüsusilə də, mətbuat işçilərinə və nümayişçilərə qəddar davrandılar. Beynəlxalq aləmdə bu rejimə qarşı gözlənilən reaksiya gəlmədi. Azərbaycanda baş verən hər məişət zəminli hadisə beynəlxalq aləmə siyasi zəmində baş vermiş kimi təqdim olunur. Amma Ermənistanda baş vermiş hadisələr haqda tamamilə fərqli bir mənzərə yaradılır. Ermənistanda söz azadlığının, insan hüquqlarının və demokratiyanın kobud şəkildə pozulması beynəlxalq aləmdə lazımınca dəyərləndirilmir. Bunu ikili standartların təzahürü kimi də qələmə vermək olar".
E.Nəsirli etiraz aksiyalarının dövlət üçün hansı nəticələr verə biləcəyi haqda da fikirlərini söyləyib: "Hazırda Ermənistandakı iqtisadi-sosial vəziyyətə qarşı aparılan etiraz aksiyaları daha çox siyasi şüarlar altında aparılır. O cümlədən, erməni gəncləri bildirirlər ki, onlar artıq Sarkisyan rejiminin əsarəti altında qalmaq istəmirlər. Artıq bu rejimdən beziblər. Onlar hər halda bu rejimin dairəsi altında qalmaq istəmirlər. Ən çox səslənən şüarlar da Sarkisyanın istefası ilə bağlıdır. İndiki halda xalqın iki əsas yolu qalıb. Ya hakimiyyəti, ya da çamadanı ələ almaq. Ya indiki hakimiyyət devriləcək, ya da insanlar ölkəni tərk edəcək. Hazırda 2-ci variant, yəni ölkəni tərk etmək daha çox gündəmdədir".
Politoloq, həmçinin vurğulayıb ki, işğalçı dövlət qeyri-konstruktiv hərəkətləri ilə Azərbaycanı məcbur edir ki, Dağlıq Qarabağ problemini hərbi yolla həll etsin: "Bildiyiniz kimi, sentyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri gözlənilir. Ermənistan rəhbərliyi həmişə danışıqlardan, danışıqların nəticəsindən yayınır. Ermənistan bütün beynəlxalq aləmdə utanmadan deyir ki, biz müharibə olmadan sülh danışıqları yolu ilə məsələni həll etmək istəyirik. Artıq 18 ildir ki, danışıqlar gedir, amma ortada real nəticə yoxdur. Torpaqlarımız işğal altındadır. Bunu da Ermənistan təkbaşına etmir. Təbii ki, Ermənistana pərdəarxası havadarlıq, himayədarlıq edən güclü qüvvələr var".
E.Nəsirli vurğulayıb ki, əgər Ermənistan hakimiyyəti bilsə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək, kömək olmayacaq, yəqin ki, Ermənistan hakimiyyətinin cəsarəti çatıb belə bir alçaq, qaniçən hərəkət etməz: "Lakin Ermənistan cəmiyyəti və rəhbərliyi bütövlükdə, çox dəqiq bilir ki, Ermənistan ordusu bu gün Azərbaycan Ordusunun qarşısında çox aciz, cılız bir formada olan dəstədən ibarətdir. Bütün insident hallarında Ermənistan Azərbaycanın cəbhə xəttini atəşə tutmağa başlayanda, düşmən cavab atəşi nəticəsində susdurulur və onlar itki verərək, geri çəkilməyə məcbur olurlar. Azərbaycan Ordusu istənilən anda torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu, reallıqdır".
Erməni əsiri də bu deyilənləri təsdiqləyib
Ötən ay Azərbaycan tərəfə keçmiş Ermənistan vətəndaşı hərbçi Andranik Qriqoryan Azərbaycandan çox razı olduğunu və Erməistan ordusunda əsgərlərin pis şəraitdə yaşadığını söyəlyib: "Hərbçilər çirk içində yaşayırlar, pis qidalanır və həmişə fiziki təzyiqlərə məruz qalırlar. Xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan, baş çavuş Artur Salmanyan tərəfindən mütəmadi olaraq döyülürlər. Orada əsgərlərə vaxtı keçmiş yeməklər verilir, soyuq və şəraitsiz yerdə qalırlar. İmkanları olsa, digər erməni hərbçiləri də onun kimi Azərbaycan tərəfinə keçərlər"
Erməni əsiri onu da bildirib ki, ölkəsində əhalinin çoxu qocalardır: "Başqa ölkələrə gedənlər də Sarkisyan hakimiyyətdən getdikdən sonra ölkəyə qayıdacaqlarını bildirirlər. Aclıqdır deyə hərə bir yolla qaçıb çıxır ordan. Onu da deyim ki, Sarkisyan erməni xalqına bu 6-7 il ərzində olmazın zülmlər verdi. Cəlladdır. Ancaq xalqın səbr kasası dolub, yaxşı olar ki, nə qədər ki, başı üstündədir, istefa verməklə yanaşı, ölkəni də tərk etsin".
Proqnozlar pessimistdir
Beləliklə, deyilənlər bir daha onu göstərir ki, Ermənistanı daha böyük problemlər gözləyir. "Tert.am" saytında qeyd edilir ki, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz. Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb, Yerevanın manevr imkanları tükənib. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. "Tert.am" saytı yazır ki, siyasi və iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib.
Beləliklə, bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi artıq S.Sarkisyan iqtidarına əlvida deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüquqlarını, nəyin bahasına olursa-olsun, bərpa edəcəklərinə ümid edir.
A.SƏMƏDOVA