PDF Oxu

Siyasət

  • 12

Serj Sarkisyan beynəlxalq qanunlarla mühakimə olunmalıdır

Serj Sarkisyan beynəlxalq qanunlarla mühakimə olunmalıdır

İşğalçı ölkə olan Ermənistanın beynəlxalq qanunlara və BMT kimi nüfuzlu təşkilatın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrə riayət etməməsi nəticə etibarilə status-kvonun davam etməsinə gətirib çıxarıb. Təbii ki, bu vəziyyət uzun illər davam edə bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün sərt vasitələrdən istifadə etmək məcburiyyətində qalacaq. Bu isə Ermənistanın məhvi demək olacaq. Politoloq Elşad Mirbəşiroğlu da bu fikirdədir ki, işğal siyasətinin davam etməsi Ermənistanın bir dövlət olaraq xəritədən silinməsinə gətirib çıxara bilər: "Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar nəticə verməyəcəyi təqdirdə, bundan imtinaya gətirib çıxara bilər. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, "biz danışıqlara danışıqlar aparmaq naminə getmirik. Bizim də səbrimizin bir hüdudu var. Heç bir zaman status-kvo vəziyyəti ilə razılaşa bilmərik". Burada münaqişə ətrafında aparılan danışıqlarda Ermənistan tərəfi çalışır ki, danışıqlar aparmaq yolu ilə vaxtı bir qədər uzatsın. Belə vəziyyət daim davam edə bilməz. Bunun da bir sonu olmalıdır. Azərbaycan dövləti daha da gücləndiyi halda, yəni hərbi və iqtisadi gücü Ermənistandan bir neçə dəfə artıq olduğu təqdirdə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanı sülhə məcbur etmək yolu işə düşə bilər. Həmsədr ölkələr Ermənistanı başa sala bilərlər ki, bu qədər güclü potensialı olan Azərbaycanın müharibəyə başlaması labüddür. Ona görə də, kompromisə gəl və müvafiq sənədə imza at. Fikrimcə, bu variant işə düşdüyü halda, müharibəsiz də işğalçı ölkə olan Ermənistan sülhə gələ bilər".

"Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəninin həlli ilə bağlı hərbi yola əl atarsa, bu məsələyə dünya birliyinin münasibəti necə ola bilər" sualına politoloq cavab olaraq bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün istənilən variantdan istifadə edə bilər: "Bu hüququ ölkəmizə beynəlxalq qanunlar verir. BMT-nin nizamnaməsinin 51-ci məddəsində aydın şəkildə qeyd edilib ki, ərazisi təcavüzə məruz qalmış dövlətin özünü müdafiə etmək hüquqi var. BMT-nin nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi məcburi xarakter daşıyır. Bu, haqq verir ki, biz istənilən vaxt müharibəyə başlaya bilərik. Çünki dünya dövlətləri, o cümlədən Rusiya bilir ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Yəni gec-tez işğalçı ölkə torpaqlarımızı bizə qaytarmalıdır".

GÜLYANƏ

Digər xəbərlər