İlham Əliyev: "Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, hökumət ölkə əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları reallaşdırır...
"Bu gün artıq Azərbaycanda 20-yə yaxın iri fermer təsərrüfatı fəaliyyət göstərir və bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. Hektardan 50-60 sentner məhsul götürülür. Bax, budur yeni yanaşma və bizim siyasətimiz". Bu fikri Prezident İlham Əliyev ötən ay Cəlilabad rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı bildirib. Dövlət başçısı bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edildiyini xatırladaraq, bol məhsul götürüldüyündən məmnun qaldığını vurğulayıb: "Bu il kənd təsərrüfatı 7 faizdən çox artıb. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, "Aqrolizinq" xətti ilə texnika təmin edilir. Yəni dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin".
Dövlət başçısı həmin görüşdə Azərbaycanın öz ərzaq təhlükəsizliyini yüz faiz səviyyəsində təmin edə biləcəyinə tam əmin olduğunu bildirib. Göründüyü kimi, kənd təsərrüfatı sahəsində əldə olunan bugünkü nailiyyətlər, əslində heç də asanlıqla meydana gəlməyib. Təbiidir ki, bu, zaman-zaman aparılan genişmiqyaslı islahatların nəticəsidir. Hələ müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan aqrar islahatlar kənd təsərrüfatında tərəqqi, irəliləyiş əldə olunmasına gətirib çıxardı. Aqrar islahatlar bu gün də uğurla davam etdirilir və nəticədə, kənd təsərrüfatı ardıcıl inkişaf tempini saxlayır. Bu prosesi daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən daim mütərəqqi qanunlar qəbul olunur, aqrar sahəyə dotasiyalar ayrılır və xüsusi güzəştlər tətbiq olunur. Dövlət siyasətinin əsas istiqaməti həm də ona yönəlib ki, daxili ərzaq bazarının idxaldan asılılığı maksimum azaldılsın və ərzaq ehtiyatlarının yaradılması üçün kompleks tədbirlər həyata keçirilsin.
Düşünülmüş siyasət - real nəticələr
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "Bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək".
Dövlət başçısı sözügedən müşavirədə onu da vurğulayıb ki, Azərbaycan bu gün özünü əsas ərzaq məhsulları ilə təmin edir: "Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq".
Dövlət başçısının fikrinin təsdiqi kimi aqrar sahə ilə bağlı göstəricilər respublika üzrə də sevindiricidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin iyun ayının 24-nə kimi 362,1 min hektar sahədə yazlıq bitkilərin əkini aparılaraq 28,8 min hektar sahədə dənli və dənli paxlalılar, 36,4 min hektar sahədə dən üçün qarğıdalı, 77 min hektar sahədə tərəvəz, 61 min hektar sahədə kartof, 18,8 min hektar sahədə pambıq, 27,9 min hektar sahədə bostan bitkiləri, 4,9 min hektar sahədə şəkər çuğunduru, 10,2 min hektar sahədə dən üçün günəbaxan, 1,4 min hektar sahədə tütün və s. bitkilər əkilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə yazlıq bitkilərin əkin sahəsi 4,2 min hektar, dənli və dənli paxlalıların əkin sahəsi 0,8 min hektar, tərəvəzin əkin sahəsi 1,1 min hektar, tütünün əkin sahəsi 253 hektar artmışdır. Statistik bir neçə fakta nəzər salaq. Ağstafa rayonunun təsərrüfatlarında cari mövsümdə indiyədək 7 min 714 hektar sahənin taxılı biçilmiş, 22 min 440 ton məhsul istehsal olunmuşdur. Tədarük edilən taxılın 17 min 153 tonu buğda, 5 min 287 tonu isə arpadır. Buğda zəmilərindən orta hesabla hektardan 30,5 sentner məhsul götürülmüşdür ki, bu da ötənilkindən 1,6 faiz yüksəkdir.
Sadalanan rəqəmlər Azərbaycanda kənd təsərrüfatına göstərilən sistemli dövlət qayğısının bariz ifadəsidir. Bu, həm də ölkə iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI