SİYASİ RAKURS
Və ya haqq nazilər, üzülməz!
Rusiyalı şovinist və ultramillətçi, qondarma "Dağlıq Qarabağ Respublikası" deyilən separatçı rejimlə münasibətlər qurub, biznes fəaliyyətinə keçən German Streqilov ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbs olunsa da, azadlığa buraxılıb. Hansı ki, bu qatı millətçi və azərbaycanlılara qarşı xüsusi nifrəti ilə seçilən fərd məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə beynəlxalq axtarışa - İnterpola verilmişdi. Təəssüf ki, İnterpol da məhz digər beynəlxalq qurumlar kimi ikili standartlardan çıxış edərək, sonradan onun həbsi barədə xüsusi səhifədə yerləşdirilmiş məlumatı silmişdi. Lakin ikili standart dedikdə, biz bunu yalnız Qərb təşkilatlarından deyil, eləcə də hüquq-mühafizə sistemində ölkəmizlə yaxın tərəfdaşlıq edən Rusiya tərəfindən də gördük. Belə ki, məsələnin daha dəqiq anlaşılması üçün bəri başdan qeyd edək - Streqilov Rusiyada həbs olundu və bir neçə saat sonra şərti olaraq azalığıa buraxldı. Əslində, biz istər Rusiyanın, istərsə də Minsk Qurpu deyilən fəaliyyətsiz quruma üzv olan digər ölkələrin Qarabağ probleminin həllində ikili stnadartlı siyasət yürütmələrini çoxdan bilirik.
Milyardları olan bir şəxsin Rusiyanın ərazisini tərk etmək (qaçmaq) imkanının (!) olmasını da düşünmək olar
Onu da bilirik ki, BMT-nin işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi dörd (!) qətnaməsinə də beynəlxalq siyasi dairələr tərəfindən etinasız yanaşılır. Hətta bir milyon vətəndaşımızın öz doğma yurd-yuvalarından qaçqın, didərgin düşməsi, bu qədər insanın hüquqlarının pozulması qalır bir tərəfə, ölkəmizə qarşı zaman-zaman elə bir ittihamlar irəli sürülür ki...Yəni bütün bunlar faktır! Ancaq gəlin görək, haranınsa şovinist ünsürünün hüquqlarının qorunması istiqamətində hansı addımlar atılır. Məsələn, onun azadlığa buraxılması, yəni ölkə hüdudlarını tərk etməməsi şərti ilə Rusiyada əlini-qolunu sallayaraq gəzməsi inandırıcı görünmür. Hətta, o qısa müddətdə Rusiyanın ərizisini tərk də edə bilər. Çünki bu ünsür Azərbaycan qanunlarını pozmaqla yanaşı, həm də Rusiyanın qanunlarını pozan bir şəxsdir. Ona görə də milyardları olan bir şəxsin Rusiyanın ərazisini tərk etmək imkanının (!) olmasını da düşünmək olar. Hər halda o da kimsəyə sirr deyil ki, Rusiyanın özündə kütləvi korrupsiya, rüşvət halları mövcuddur. Streqilov isə milyardlarından bir neçə milyonunu Qərbə qaçmaq üçün müxtəlif yollarla xərcləyə bilər. Bunu onun özü də aşkar şəkildə etiraf edib. Hətta Qərbə deyil, məhz Qarabağa gedəcəyini də təkrar-təkrar iddia edib.
Daha bir həyasızlıq
Lakin gəlin görək, bu ünsür şərti olsa da, azalığa buraxılmasına rəğmən, daha hansı fikirlərini açıqlayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, İnterpol heç bir ciddi arqument ortaya qoymayaraq, Streqilovin adını axtarışda olan cinayətkarların sırasından çıxardı və Rusiyanın hüquq-mühafizə orqanları da onu həbs etsə də, dərhal azadlığa buraxdı. Məhz bundan sonra faşist ideologiyası siyasətini yürüdən, Rusiyanın özündə minlərlə ultramillətçi skinxet - başıqırxıqlar dəstəsini maliyyələşdirən Streqilov böyük şəstlə "Komsomolskiy Pravda" qəzetinə müsahibə verib. Məsələn, deyib ki, Rusiya Federasiyası öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir və ona görə də hər şey qaydasındadır. Sitat: "Mən Rusiya polisi və prokurorluğu tərəfindən aparılan tez və aydın şəkildə aparılan bütün lazımi proseduralardan sonra "Aeroekspress"lə Moskvaya gedirəm. Məni oğlum gözləyir. Biz öz təsərrüfatımıza - kənd işləri ilə məşğul olmağa gedirik." Maraqlıdır, onda bu qədər arxayınçılıq haradandır?
Çünki Sterqilovun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı heç bir iddiası yoxdur (?!-R.R.): "Bundan əlavə, onlar əmin etdilər ki, məni nə Azərbaycana, nə də üçüncü ölkəyə təhvil verəcəklər. Çünki heç bir Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz. Rusiya vətəndaşlarını Rusiya qanunlarına görə mühakimə edirlər. Bu işlələ isə Rusiya hüquq-mühafizə orqanları məşğul olur".
Hətta o Rusiyaya qayıtdığı üçün şad olduğunu da bildirib: "Mən rahat şəkildə öz evimə gedirəm. Artıq Rusiyaya gəlmişəm. Buna görə çox şadam. Mən həyat yoldaşımla birgə öz vətənimdə olduğum üçün çox şadam".
Bu da azmış kimi, Sterqilov həyasızlıq nümayiş etdirərək, Dağlıq Qarabağa tez-tez səfər edəcəyini vurğulayıb: "Bizim orada böyük planlarımız, maraqlı ideyalarımız var. Dağlıq Qarabağ ekologiya, təbiət baxımından bu ideyalar üçün unikal meydançadır".
Streqilov öz müsahibəsində azərbaycanlıları özünə düşmən hesab etdiyini açıq şəkildə etiraf edib
Bəli, bu, bir şovinistin, faşizm ideologiyası ilə çıxış edən bir ünsürün fikirləridir. Ancaq o, nə qədər rahat şəkildə yuxarıda qeyd edilən açıqlamaları verməsinə rəğmən, belə bir sual yaranır - Rusiya ilə Azərbaycan arasında 1992-ci ildə bağlanmış memoranduma görə, hər iki ölkə axtarışda olan vətəndaşlarını həbs edib, bir-birinə təhvil verə bilər. Azərbaycan tərəfi bu illər ərzində yüzlərlə rusiyalı cinayətkarı həbs edərək, həmin cinayətkarları bu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verib. Eləcə də Rusiya nüvafiq məsələdə eyni addımları atıb. German Streqilov Azərbaycanın qanunlarını pozduğu üçün axtarışa verildiyinə görə, Rusiyanın onu bizim hüquq-mühafizə orqanlarna təhvil verməsi artıq zəruri bir hala çevrilir. Lakin Streqilov bunların yerinə iddia edir ki, Rusiya onu heç yerə təhvil verməyəcək. Üstəlik, o, Qarabağa yenidən gedərək, orada qurduğu planlarını reallaşdıracaq. Hətta bu gün onun arvadı da Qarabağda biznes qurub və modelyerlik edir və eşşək yarışları keçirməklə məşğuldur (Bax: "Səs" qəzeti, 31 avqust buraxılışı-R.R.).
Rusiyalı millətçi isə, əslində, hansı cinayət törətdiyinin fərqindədir. Əgər belə olmasaydı, o heç vaxt deməzdi ki, "Əgər mən Gürcüstana gəlsəydim və orada Azərbaycan tərəfindən axtarışda olsaydım, onda ən yaxşı halda gürcülər mənim əllimi qandallayıb, Azərbaycana təhvil verərdilər. Orda isə məni şərti olaraq deyim ki, tikələrə bölərdilər..."
Görürsünüzmü məntiqi? O, açıq-aşkar şəkildə azərbaycanlılar arasında nifrətə layiq olduğunu yaxşı anlayır və nəyə görə nifrətə layiq olduğunu da yaxşı bilir! Çünki onun özü də azərbaycanlıları özünə düşmən (!) hesab etdiyini etiraf edb "Komsomolskaya Pravda"ya verdiyi müsahibəsində. Sitat: "Rusiyaya gəldiyiniz zaman siz təhlükəsiz əraziyə gəlirsiniz. Lakin digər ölkələrə gəldikdə isə, sən həbs oluna bilər və öz düşmənlərinə(diqqət yetirin, düşmənlərinə!-R.R.) təhvil verilə bilərsən".
Beləliklə, görünən budur ki, Streqilov çox ehtimal ki, öz milyardlarına və erməni lobbisi qarısında qazandığı "hörmətə" yaman çox güvənir. Ancaq məsələ yalnız bunda deyil. Ümid edək ki, Rusiya da öz adına hörmət qoyaraq, Azərbaycanla arasında olan razılaşmanı pozmayacaq. Çünki Streqilovun bu qədər rahat şəkildə başından böyük müsahibələr verməsi artıq şübhə toxumlarını səpməyə başladıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşları separatçını dindirəcək!
Yeri gəlmişkən, bu yazı çapa gedərkən bəlli oldu ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb və orada qeyd olunur ki, "German Sterqilov Şirkətlər Qrupu"nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov digər cinayətləri ilə yanaşı, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 2015-ci il iyulun 13-də Şuşa şəhərində mətbuat kofransı keçirmiş və özünə məxsus "V Kontakte" sosial şəbəkəsinə aid səhifədə məlumatlar yerləşdirərək, qondarma rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin istismarına, pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib, həmçinin qanunsuz biznes fəaliyyəti ilə məşğul olaraq ailə üzvlərini də bu işə sövq edib. German Sterqilovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin tərkibi olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və o, dövlətlərarası axtarışda elan edilib. 2015-ci il avqust ayının 31-də, saat 17 radələrində German Sterqilov Yerevandan Moskvaya gələrkən Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Domodedovo" hava limanında saxlanılıb və gecə saat 01 radələrində Rusiya Federasiyasının ərazisini tərk etməmək şərti ilə müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu German Sterqilovun yuxarıda göstərilən cinayətlərdə təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.
Rövşən RƏSULOV