PDF Oxu

Siyasət

  • 25

ASAN Xidmət şəffaflığı təmin edir

ASAN Xidmət şəffaflığı təmin edir

Ölkə Prezidentinin sənədləşmə işlərinin daha da asanlaşdırılması ilə bağlı imzaladığı Fərman bunun məntiqi nəticəsidir

Ölkə Prezidenti İlham Əliyev avqustun 31-də "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, daxil olan məlumatların təhlili göstərir ki, bəzi dövlət qurumları müasir texnoloji yeniliklərdən istifadə etmədən, əhaliyə xidmətlərin göstərilməsi qaydalarını təkmilləşdirmədən, şəffaflığı təmin etmədən fəaliyyət göstərir. Belə ki, mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir.

Fərmanda, həmçinin bildirilir ki, elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaqdır. Dövlət başçısı dövlət xidmətlərinin göstərilməsində yeni standartların tətbiq edilməsini, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, habelə şəffaflığın artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsində aşağıdakı qaydalara riayət olunması təmin edilsin: Arayışın "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi; arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması; arayışın vətəndaşın müraciət etdiyi gün təxirəsalınmadan verilməsi. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron lisenziya" portalının yaradılmasını təmin etməlidir. Daxili İşlər Nazirliyinə bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etmək; bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş xidmətin ASAN Xidmət mərkəzlərində və nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etmək tapşırılıb.

ASAN Xidmət ictimai əlaqələr sahəsində bir inqilabdır

Göründüyü kimi, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb, əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində ASAN Xidmət mərkəzləri bu baxımdan təqdirəlayiqdir. Bu gün ölkəmizdə ASAN Xidmət mərkəzləri operativ şəkildə fəaliyyət göstərir. ASAN Xidmət mərkəzləri dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınmasında, şəffaflığın təmin edilməsində, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzini formalaşdırıb. Bu xidmət bürokratiyasız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər həyata keçirir. ASAN Xidmət qısa bir müddətdə uğur qazanıb. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev əhalinin sənədləşmə işlərinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərman bu baxımdan əhəmiyyətlidir. Prezident Cənab İlham Əliyev vətəndaşların rahatlığını təmin edən mərkəz haqqında belə deyib: "ASAN Xidmət doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub".

Göründüyü kimi, bu sahənin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bu gün xalq da inanır ki, ölkə başçısının bu sərəncam və fərmanları davamlı xarakter almaqla yanaşı, insanların rifahına hesablanmış addımdır. Bu addımların davamlı olması isə kimsədə şübhə doğurmur.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər