Vüqar Əsgərov: "Rusiya hökumətinə müraciət edərək, onu Azərbaycana gətirmək lazımdır"
Qabil Hüseynli: "Abbas Abbasovun əsas məqsədi 2,5 milyonluq Azərbaycan diaspor təşkilatlarını ələ keçirib Azərbaycana təzyiq etmək idi"
Məlum olduğu kimi, Abbas Abbasov Rusiya "Azərros"dan istefa verib. O, "Azərros" Ağsaqqallar Şurasının növbəti iclasında iştirak edərək istefa verdiyini açıqlayıb. Bəs bundan sonra nə olacaq? Dövlətimizə qarşı təhdid və şantaj dolu hərəkətləri ilə ad çıxaran A.Abbasovun bundan sonrakı fəaliyyəti necə olacaq? A.Abbasovun qanunsuz əməlləri, ölkəmizə qarşı etdiyi cinayət xarakterli hərəkətləri ilə bağlı mütəmadi olaraq ölkəmizin media orqanlarına məktublar ünvanlanır. Bundan sonra ölkənin hüquq - mühafizə orqanları köklü araşdırmalardan sonra onu Rusiyadan Azərbaycana gətirdə bilərmi?
Siyasi ekspert Vüqar Əsgərov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Abbas Abbasovla bağlı, əslində çox tutarlı materillar mövcuddur: "Sadəcə, bu istiqamətdə cinayət işi başladıb Rusiya hökumətinə müraciət edərək onu ölkəmizə gətirmək lazımdır. Onun uzun illərdir ki, Rusiyada lobbiçilik fəaliyyəti ilə məşğul olan azərbaycanlılara qarşı etdiyi cinayət hərəkətləri şübhəsiz ki, cəzasız qalmamalıdır. Biz Abbas Abbasovun bundan sonra sakit oturacağını da deyə bilmərik. Çünki onun açıqlamalarında biz zaman-zaman şahidi olmuşuq ki, böyük ambisiyalar dayanır. A.Abbasovun məqsədi Rusiya azərbaycanlılarını öz ətrfaına yığıb ölkəmizə qarşı təzyiq maşını hazırlamaq idi. Ancaq bu da alınmadı, iflasa uğradı. Onun Rusiyadakı işləri haqqında disapor təşkilatların Azərbaycan hakimiyyətinə çoxsaylı məktubları, müraciətləri də təsdiq edir. Hesab edirəm ki, onun istefa ərizəsi tam həllini tapdıqdan sonra Rusiya hökumətinə müraciət olunmalıdır ki, Azərbaycana qaytarılsın. O, Azərbaycan vətəndaşıdır və buna qanunla haqqımız da çatır".
Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli də qeyd edib ki, Abbas Abbasovun Azərbaycan diasporları arasında Azərbaycan hakimiyyətinə qarşı anti-təbliğat və təxribatçı işləri haqqında da məlumatlar yayılmışdı. Artıq Diasporlarla İş üzrə Dövlət Komitəsinin Rusiya hakimiyyət orqanlarına müraciəti nəticəsində Abbasovun bundan sonrakı bu cür fəaliyyətlərinə və "Rusiyada istənilən qapını aça bilər" hissinə son qoyuldu. Abbas Abbasovun əsas məqsədi 2,5 milyonluq Azərbaycan diaspor təşkilatlarını ələ keçirib, Azərbaycana təzyiq etmək idi. Rusiyanın qarşısında da deyəcəkdi ki, baxın, mənim əlimdə bu cür potensial var. Ümumiyyətlə, Abbas Abbasov Moskvada yaşadığı illərdə Azərbaycan siyasi hakimiyyətinə qarşı müxtəlif anti-təbliğat işləri ilə məşğul olub. Bu da ölkə hakimiyyətinin diqqətindən yayınmayıb. Bundan sonra Azərbaycan rəhbərliyi onu geriyə də istəyə bilər. Çünki o, Azərbaycan vətəndaşıdır. Yaxud da Rusiya ilə belə bir razılaşma da ola bilər: Abbas Abbasov Rusiyada bir guşədə sakit oturacaq və siyasi fəaliyyətlə məşğul olmayacaq".
Samir