PDF Oxu

Siyasət

  • 41

Sədaqət Vəliyeva: “YAP bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq"

Sədaqət Vəliyeva: “YAP bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq"

"Seçkilər hər bir ölkənin ictimai-siyasi həyatında olduqca mühüm amildir. Eyni zamanda demokratiyanın bir ifadəsi, göstəricisidir". BunuSİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Nizami rayon təşkilatının gördüyü işlərdən danışarkən deyib. Millət vəkili qeyd edib ki, hər bir dövlət üçün seçki prosesi olduqca çətin, məsuliyyətli və ağır bir prosesdir: "Xüsusilə də, Azərbaycan kimi gənc bir dövlət üçün bu proses daha da məsuliyyətlidir. Dünyada baş verən təlatümlərin fonunda Azərbaycan cəmiyyəti növbəti parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir. Məhz, Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik və mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və indiyə qədər baş tutmuş seçkilərin də təcrübəsi göstərir ki, ölkəmizdə tam azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər bir şərait vardır".Sədaqət Vəliyeva bildirib ki, qarşıdan gələn parlament seçkilərinə hazırlaşan hər bir siyasi partiya kimi Yeni Azərbaycan Partiyası da hazırlıq işlərini uğurla həyata keçirməkdədir: "Bildiyiniz kimi, YAP-ın Mərkəzi Seçki Qərargahı və onun şəhər və rayon şöbələri formalaşdırılıb, partiyanın sədr müavini-icra katibi, Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə müşavirələr keçirilib və müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar verilib. YAP Mərkəzi Seçki Qərargahının parlament seçkilərilə əlaqədar fəaliyyət proqramına uyğun olaraq konkret işlər həyata keçirilib və bu dəfəki siyasi kampaniyanın da YAP-ın qələbəsilə başa çatması üçün bütün resurslar səfərbər edilib. Düşünürəm ki, bütün seçki proseslərində mükəmməl seçki toxnologiyası tətbiq etmiş Yeni Azərbaycan Partiyası bu dəfə də Azərbaycan seçicisinin etimadını qazanacaq".Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri Sədaqət Vəliyeva YAP Nizami rayon təşkilatının seçkilərə hazırlıq işlərindən də danışıb: "Avqustun 10-dan fəaliyyətə başlayan seçki qərargahı YAP Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına və tövsiyələrinə uyğun olaraq, hazırlıq işlərini sürətlə həyata keçirməkdədir. Belə ki, Nizami rayonunda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə bütün məntəqələrdə seçkiyə hazırlıq işlərinin texniki təchizatı barədə yoxlamalar aparılıb və müəyyənləşdirilib ki, DSK və MnSK-larda seçki prosesinin normal həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda, ümumilikdə 80 seçki məntəqəsinin böyük əksəriyyətində veb-kameralar quraşdırılıb. Həmçinin, parlament seçkilərilə əlaqədar DSK və MnSK-larda müşahidəçi və məşvərətçi olacaq partiya fəallarının siyahısının müəyyən edilməsi prosesi yekunlaşdırılıb və seçkilərə start verildikdən sonra onların rəsmi şəkildə qeydə alınmasına başlanacaq. Həmçinin, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi də həyata keçirilib. Belə ki, son dəqiqləşməyə görə, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində 22193 nəfər seçici qeydiyyatdadır. Onların 178 nəfəri ilk dəfə səs verənlərdir, həmçinin, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 420-dir, 1 nəfər seçicinin yaşı isə 100-dən çoxdur. 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 39762 nəfər seçici qeydiyyatdadır. Onların 163 nəfəri ilk dəfə səs verənlərdir, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı isə 628-dir. 25 saylı Nizami II Seçki Dairəsi ərazisində isə 44347 nəfər seçici qeydiyyatdadır. Onların 433 nəfəri isə ilk dəfə səs verənlərdir. DSK ərazisində ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 336-dır, 2 nəfər seçicinin yaşı isə 100-dən çoxdur.Eyni zamanda, seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri də davam etdirilməkdədir. YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatların fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Həmçinin, seçicilərlə işin yüksək səviyyədə təşkil edilməsi üçün əlavə hər birində 10-15 nəfər olmaqla ümumilikdə 100-dən çox partiya fəalını əhatə edən 8 mobil qrup yaradılıb. Həmçinin, hər məntəqə üzrə seçki işində səriştəsi olan 2-4 nəfər gənc fəal müəyyənləşdirilib".Sədaqət Vəliyeva əlavə edib ki, artıq mobil qrupların üzvlərilə görüşlər, imza toplayacaq fəallara treninqlər keçirilib, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının toplantısı olub, rayonda ilk dəfə səs verəcək gənclərlə görüş baş tutub və onlara səsvermə hüquqları izah edilib: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seçkilərin yüksək demokratik şəraitdə baş tutması üçün mükəmməl hüquqi və texniki şərait mövcuddur. Eyni zamanda, cəmiyyətimizdə sosial barışıq var və siyasi plüralizm şəraitində insanlar siyasi mövqelərini aydın şəkildə ifadə edə bilirlər. Bu mənada düşünürəm ki, Azərbaycanda bu dəfəki seçki kampaniyası da yüksək seçki əhval-ruhiyyəsi və seçici fəallığı şəraitində baş tutacaq".

sia.az

Digər xəbərlər