PDF Oxu

Siyasət

  • 31

Erməni separatçıları saxta "seçki" ərəfəsində

Erməni separatçıları saxta "seçki" ərəfəsində

Erməni separatçıları işğal altında olan Dağlıq Qarabağda növbəti saxtakarlığa imza atmaq cəhdindədirlər

Bütün dünya dövlətlərinin, eləcə də beynəlxalq təsisatların Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etdikləri bu torpaqlarda qondarma rejim sentyabrın 3-də "parlament seçkiləri" keçirməyi qərara alıb. Bundan əvvəl də Dağlıq Qarabağda həm qanunsuz "prezident seçkiləri", həm də "parlament seçkiləri" keçirilib. Separatçıların təşkil etdiyi "seçkilər" beynəlxalq səviyyədə qəbul olunmasa da, saxtakarlığın qarşısını almaq üçün heç bir tədbir görülmür. Əksinə olaraq, Dağlıq Qarabağ torpaqlarının işğalı faktını təsdiqləyən BMT-nin Təhlükəsizlik Şurasının bu barədə 4 qətnaməsinin, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların qərar və bəyannamələrinin mövcud olduğu halda erməni separatçıları istənilən ölkəyə səfər edir, hətta bəzi hallarda hegemon dövlətlərlə işgüzar danışıqlar da apara bilirlər. Sonuncu dəfə Birləşmiş Ştatlarda rəsmi qonaq kimi qarşılanan erməni separatçılarının "parlament sədri" konqresmenlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in vasitəçilik institutunu təmsil edən amerikalı həmsədr Ceyms Uorliklə görüş keçirməsi Azərbaycanın nə qədər mürəkkəb şəraitdə öz torpaqlarını geri qaytarmaq üçün siyasi mübarizə apardığını göstərir. Əslində isə, beynəlxalq güclər digər məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ böhranı ətrafında da bir yumruq tək birləşməli, ən azından Ermənistanı qanuna zidd əməllərdən çəkinməyə çağırmalıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin sentyabrın 13-də qondarma "parlament seçkiləri" keçirməsini qanunsuz sayır. XİN-in mətbuat katibi Hikmət Hacıyev qeyd edib ki, bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib.

Elman Nəsirli: "Beynəlxalq birlik separatçı rejimin addımlarına adekvat cavab verməlidir"

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli "SƏS"ə verdiyi açıqlamasında sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin "özünüidarə orqanları"na qanunsuz "seçkilər"in keçirilməsi ilə bağlı yaydığı məlumatlara cavab olaraq bildirib ki, Ermənistan və onun Dağlıq Qarabağ ərazisində yaratdığı separatçı rejim hər zaman regionda status-kvo vəziyyətinin qorunub saxlanmasına xidmət edən proseslərə start verir: "Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi qanunsuz seçkilərlə bağlı etiraz bəyanatı verib və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğunu bir daha vurğulayıb. Bu gün Ermənistan işğal faktının qorunub-saxlanması üçün əlindən gələn cinayəti etməyə hazırdır və bunu həyata keçirmək üçün Ermənistanın və separatçı rejimin öz ənənəvi üsulları var. Bunlar Azərbaycanla sərhəddə və qoşunların təmas xəttində atəşkəs rejimini intensiv şəkildə pozmaq, hərbi insidentlərə əl atmaq və qondarma seçkilər keçirmək yolu ilə danışılar prosesinin nəticəsiz qalmasına hesablanmış addımlardır. Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi "seçkiləri" də bu sıraya aid edə bilərik. Dağlıq Qarabağdakı qondarma separatçı rejimin seçki keçirmək istəyi ərəfəsində xarici işlər nazirlərinin görüşü baş tutsa da, bu, indidən aparılan danışıqların nəticəsizliyini şərtləndirir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımasa da, unutmamalıdır ki, bununla problem həllini tapmır. Beynəlxalq birlik qondarma separatçı rejimin belə addımlarına adekvat cavab verməli, təsir mexanizmlərini işə salmalı, separatçı rejimə qarşı beynəlxalq hüquqda tətbiq olunan müvafiq vasitələrdən istifadə etməlidir. Ermənistan işğalçı dövlətdir və onun əlində alət olan separatçı rejim özünün cəzasızlığının fərqinə varır. Cəzasızlıq isə hər zaman yeni cinayətlərin yaranmasına gətirir. Reallıq bundan ibarətdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk Qrupu bu həqiqəti dərk edib adekvat addımlar atmalıdır".

Qabil Hüseynli: "Qondarma Dağlıq Qarabağ rejiminin keçirəcəyi "parlament seçkiləri"nin heç bir hüquqi əsası yoxdur"

Politoloq Qabil Hüseynli isə hesab edir ki, qondarma Dağlıq Qarabağ rejiminin keçirəcəyi "parlament seçkiləri"nin heç bir hüquqi əsası yoxdur. O "SƏS"ə verdiyi açıqlamasında bildirib ki, keçiriləcək seçkilər heç bir ölkə tərəfindən tanınmayacaq: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda danışıqlar prosesi davam etdirilir. Danışıqlar prosesində normal mühitin yaradılmasına cəhd göstərilir. Bu seçkilərin keçirilməsi ilə onlar normal mühiti nəinki korlayar, həm də danışıqlar prosesində çox ciddi əngəllər yaradarlar. Zənnimcə, ATƏT-in Minsk Qrupu öz gücünü məhz burada göstərməlidir. Bu məsələdə məhz həmsədrlərin üzərinə çox böyük səlahiyyətlər düşür. Qondarma rejimin bu seçkiləri keçirməməsi üçün ən azı BMT və ATƏT səviyyəsində qərar verilməlidir".

Azay Quliyev: "Dağlıq Qarabağda qondarma "seçkilər" status-kvonu uzatmağa hesablanıb"

"Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "seçki" adı altında hər hansı hərəkəti siyasi şoudur, özünü xatırlatmaqdan başqa bir şey deyil və buna görə də heç kim tərəfindən ciddi qəbul edilmir. Sentyabrın 13-nə elan edilən sözdə "parlament seçkiləri" isə Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır". Bu sözləri isə Milli Məclisin üzvü, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, bu seçki oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmır, pislənilir, qanunsuz hesab edilir: "Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir. İşğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əsasən keçirilə bilər".

A.Quliyev onu da əlavə edib ki, bu "seçkilər"də "müşahidəçi" qismində iştirak etmək istəyən xarici ölkə vətəndaşlarına qarşı Azərbaycan Respublikası qanunlarına uyğun olaraq sərt inzibati tədbirlərin, xüsusilə də onlara qarşı cinayət işinin açılacağı haqqında aidiyyəti qurumların verdiyi bəyanatı alqışlayır. Onun fikrincə, "müşahidəçi"lər, Dağlıq Qarabağa qanunsuz səfər edənlər, əslində işğalı, təcavüzü və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrini təşviq edirlər: "Belə fəaliyyət isə, təbii ki, qanunsuzdur və kifayət qədər hüquqi məsuliyyət yaradır".

A.SƏMƏDOVA

Digər xəbərlər