PDF Oxu

Siyasət

  • 31

2016-cı ilin dövlət büdcəsi də sosialyönümlü olacaq

2016-cı ilin dövlət büdcəsi də sosialyönümlü olacaq

Nazirlər Kabinetində 2016-cı ilin büdcə layihəsi müzakirə olunub

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. İclası giriş sözü ilə açan Baş nazir Artur Rasizadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

İclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun prezidentə təqdim edilməsi barədə qərar qəbul olunub.

Sosialyönümlü siyasətin prioritet istiqaməti

Ölkə Prezidenti İlham Əliyevin bir-birinin ardınca minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması ilə bağlı imzaladığı sərəncamları dövlətin vətəndaşlarına olan diqqət və qayğısının nəticəsidir. Bu gün həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qarşıya qoyulan məqsədlər, o cümlədən, həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində uğurlu addımlar atılır. Bir sözlə, güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunmasını əsaslandırıb. Məhz bunun nəticəsidir ki, hər il qəbul olunan dövlət büdcəsində ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri daha çox üstünlük təşkil edir.

Sosialyönümlü inkişaf strategiyasında insan amili

Sözsüz ki, ölkənin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, bu gün də dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi inkişaf siyasəti bir neçə il bundan öncə həyata keçirilməsi mümkün olmayan sosial proqramları reallaşdırmağa imkan verir. Çünki vətəndaşların etibarlı sosial müdafiəsi bu siyasətin prioritet xəttinə çevrilmişdir. Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasına daim üstünlük verərək bu yolda atılan bütün addımlarda, məhz əhalinin rifahı və firavanlığı məsələsini daim diqqət mərkəzində saxlamışdır. Artıq Azərbaycanın insan inkişafı sahəsində mühüm uğurlar qazanmasını əksər beynəlxalq təşkilatlar da etiraf edirlər. Dövlət büdcəsindən əhalinin sosial şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının yüksəldilməsi məqsədilə ayrılan vəsaitin ildən-ilə artırılması da ölkədə vətəndaşlara dövlət qayğısının bariz ifadəsidir. "Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən sosial-iqtisadi sahələrdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəltməliyik", - deyən Prezident İlham Əliyev ötən 10 il ərzində həmin sahələrin problemlərinin kompleks həlli istiqamətində mühüm addımlar atmışdır.

Son 11 il ərzində müşahidə olunan inkişaf: faktlar rəqəmlərə əsaslanır

Ümumiyyətlə, son 11 ildə ölkəmizdə əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması daim diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində bununla bağlı demişdir: "...Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir".

Bu inkişafın uğurlu nəticələrini görmək üçün son iki ilə nəzər yetirmək kifayətdir. Belə ki, 2015-ci ilin dövlət büdcəsində yaşayış minimumu 131 manat, ehtiyac meyarı isə 105 manat məbləğində müəyyənləşibdirsə, 2014-cü ildə ölkə üzrə bu rəqəm 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib. Onu da bildirək ki, yaşayiş minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır. Büdcəyə gəlincə, 2015-ci ildə icmal büdcənin gəlirləri 20,2 milyard manat, xərcləri isə 25,9 milyard manat nəzərdə tutulubdur, 2014-cü ilin proqnozları ilə müqayisədə isə nə az, nə çox, 1,7 milyard manat və ya 7 faizdən çox azalma baş verəcək. Xərcləri isə 2014-cü ilin proqnozuna nisbətən 6 faiz artıb. 2015-ci il icmal büdcədə kəsir 5,1 milyard manat olmaqla, 2014-cü ilin proqnozunu iki dəfə üstələyir. Cari ilin proqnozunda bu rəqəm 2,4 milyard manat göstərilir. Kəsirin ÜDM-də xüsusi çəkisi 8,7% təşkil edir.

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, 2016-cı ilin dövlət büdcəsini əvvəlki illərlə müqayisədə sosial yönümlü hesab etmək olar: "Ümumiyyətlə, əvvəlki büdcələrdə olduğu kimi, 2016-cı ilin dövlət büdcəsini də əvvəlki illərlə müqayisədə sosialyönümlü hesab etmək olar. Qeyd edim ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində mütləq ifadədə sosial istiqamətə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Belə ki, sosial yönlü xərclərə ayrılan vəsaitin 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur. Ümumilikdə, vurğulamaq olar ki, növbəti 2016-cı ilin dövlət büdcəsində də ölkədə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün vəsait proqnozlaşdırılıb. Qeyd olunuan bu faktlar bir daha onu təsdiqləyir ki, müstəqil Azərbaycan dövlətinin qüdrəti artdıqca ölkə əhalisinin sosial rifah halı da yüksəlir. Yəni Azərbaycan iqtidarı, ölkə Prezidenti birbaşa Azərbaycan xalqını düşünən siyasət yeridir. Heç şübhəsiz, dünyanın bir çox ölkələrində Azərbaycanın iqtisadi inkişaf modeli nümunəvi metod kimi maraq kəsb edir və öyrənilir".

Beləliklə, göstərilən faktlar onu deməyə əsas verir ki, 2016-cı ilin dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər