PDF Oxu

Siyasət

  • 45

Güclü ordu, güclü dövlət deməkdir

Güclü ordu, güclü dövlət deməkdir

İlham Əliyev: "Bizim ordumuz bizim qürurmuzdur, müstəqilliyimizi şərtləndirən amildir"

Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.

Silahlı qüvvələrin büdcəsinin artması ordumuzun güclənməsi deməkdir

Hazırda respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən nizami ordularından biri formalaşdırılmışdır. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır. Son illər ərzində ordumuzun təchizatında böyük uğurlara nail olunmuşdur. Azərbaycan hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləyir. Ölkəmizin dövlət büdcəsində ən böyük xərclər orduya sərf edilir. Hərbi məqsədlər üçün xərclərin artımı son bir neçə ildə hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun nəticəsidir ki, son illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində də daim sistemli tədbirlər həyata keçirilir. Hərbi qulluqçuların rütbə və vəzifə maaşları, dövlət icbari şəxsi sığorta məbləği dəfələrlə artırılmış, onlara güzəştli ipoteka kreditlərinin verilməsi təmin olunmuşdur. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı alan vətəndaşların bir hissəsi məhz orduda xidmət edən zabitlərdir. Hələ 2006-cı ilin iyul ayında ölkə rəhbərinin təşəbbüsü ilə hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər məzuniyyətə çıxan hərbi qulluqçulara əlavə olaraq bir aylıq vəzifə maaşı qədərində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsini də reallaşdırdı. Bundan əlavə, dövlət başçısının 23 iyun 2010-cu il tarixli Sərəncamı ilə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Bakı şəhərində xidməti yaşayış evlərinin tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.

Silahlı Qüvvələrə ictimai nəzarət üçün yüksək səviyyədə şəraitin yaradılması isə ordu rəhbərliyinin fəaliyyətinin şəffaflığından xəbər verir. Artıq neçə illərdir orduya ictimai nəzarət mövcuddur. Tez-tez televiziya ekranlarında deputatların, jurnalistlərin, qeyri-hökumət təşkilatların təmsilçiləri müntəzəm olaraq hərbi hissələrə getdiklərini, əsgərlərin şəraiti ilə maraqlandıqlarını görürük.

Göründüyü kimi, Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradllar həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.

Ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün prinsipial məsələdir

Azərbaycan ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqedədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, respublikamız öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə istənilən nöqteyi-nəzərdən yanaşdıqda ölkəmizin haqlı mövqedə olduğu ortaya çıxır. Eyni zamanda, beynəlxalq hüquq da Ermənistanın zor gücünə işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında bu məqama da xüsusi olaraq toxunaraq deyib: "Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır".

Məlumdur ki, dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip kimi götürülür. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyü dünyanın əksər dövlətləri və BMT tərəfindən tanınıb. Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. ATƏT, AŞ PA, İƏT və digər beynəlxalq qurumlar da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər imzalayıblar. Bütün bunlara baxmayaraq, Ermənistan münaqişənin sülh yolu ilə həllinə mane olmağa çalışır. Artıq beynəlxalq ictimaiyyət görür ki, Ermənistan sülh istəmir, mövcud status-kvonun saxlanılmasına nail olmaq üçün manipulyativ cəhdlər göstərir və danışıqlarda yalnız imitasiya taktikası seçir. Prezident İlham Əliyev bildirib ki, işğalçı ölkənin bu cür mövqeyi yolverilməzdir və Ermənistana qarşı tədbir görülməlidir: "Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın".

Beləliklə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha böyük dəstək veriləcək və daha böyük vəsait ayrılacaq: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".

Ü.ƏSGƏROV

Digər xəbərlər