O, sona qədər cəzasını çəkəcək
Dövlətə, xalqa xəyanət yolu tutmuş və kimliyindən asılı olmayaraq hər bir kəs öz layiqli cəzasını almalıdır. Satqın, ermənipərəstlik siması olan Xədicə İsmayıl öz layiq olduğu cəzasını aldı - Xədicə İsmayıl 7 il 6 ay öz anti-milli və cinayətkar fəaliyyətinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıb. Necə deyərlər, cinayət cəzasız qalmır.
Vurğulayaq ki, X.İsmayılova, həmçinin, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülmüşdü.
Ancaq cəzasını alan, xarici maraqlı qüvvələrin təsiri altında olan və fəaliyyətinə "demokratiya" donu geyindirməklə özünü gah "jurnalist", gah QHT rəhbəri donunda, gah da "hüquq müdafiəçisi" iddiası ilə zühur edən Xədicə İsmayıl hər zaman öz şəxsi maraqları naminə qanunları pozmağa çalışması, maddi təminat qarşılığında ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasında iştirak etmək üçün hazır olduğu hamıya bəllidir. Məhkəmədə bu şəxsin "Azadlıq" Radiosuna rəhbərlik etdiyi dövrlərdə yol verdiyi iqtisadi maxinasiyaların üstünün açılması onun siyasi kimliyinin də üstünə işıq salmaqdadır. Azərbaycanın ədalət məhkəməsi sübut etdi ki, X.İsmayıl qeyri-qanuni şəkildə maliyyə əldə edib. Görünür ki, onun antimilli fəaliyyətinin, bir çox hallarda beynəlxalq təşkilatların toplantılarında erməniləri dəstəkləməsinin də arxasında məhz bu qeyri-qanuni maliyyə qaynağı dayanıb. Məhz bu səbəbdəndir ki, X.İsmayıl yenə də beynəlxalq təşkilatlara müraciət etməklə satqınlıq simvolu olduğunu bir daha sübuta yetirməkdədir. Bir də, başqa gözlənti də gözləmək olmaz. O mənada yox ki, X.İsmayıl ermənipərəst mövqeyini heç bir zaman gizlətməyib və mövqeyini əməlləri ilə hər zaman açıq şəkildə qabardıb, öz millətinə, dövlətinə qarşı apardığı destruktiv, cinayətkar fəaliyyətilə həyasızcasına fəxr edib. O zaman belə olan halda isə, heç şübhəsiz, dövlət və hüquq-mühafizə orqanları öz tədbirini görməli idi və gördü də.
Vətənə xəyanət edənlər cəzadan kənarda qalmamalıdırlar
Çünki Azərbaycan dövləti Xədicə İsmayılın kimilərin arzuladığı formatda deyil. Çünki Cinayət Məcəlləsinin maddələrini ayaq altına alması, dövlət maraqlarını da öz şəxsi maraqları kontekstində görməsi qəbuledilməzdir, mümkünsüzdür!
Məsələyə münasibət bildirən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, Xədicə İsmayılın əməkdaşlıq etdiyi təşkilatlar indi onun müdafiəsinə qalxıb: "Azərbaycanda ağır vəziyyətdə olan məhkumlar çoxdur. Lakin həmin təşkilatlar onlar barəsində heç danışmırlar da. Əgər bu ölkədə hər hansı bir Azərbaycan vətəndaşı qanunları pozursa, o qanun qarşısında cavab verməlidir. Hər hansı bir insana kömək etmək olar. Lakin casusluq etmək və dövlət əleyhinə iş görmək qəbuledilməzdir, o cümlədən Xədicə İsmayıl kimilərə. Almaniya və İngiltərə kimi ölkələrdə dəhşətli qətillər baş verir, insanlar, jurnalistlər polis zorakılığı ilə qarşı-qarşıya qalır. Bəs həmin təşkilatlar hara baxır? Xədicə İsmayıla dəstək vərən təşkilatlar, sözsüz ki, qərəzlidir. Bu məsələ ilə bağlı həqiqəti demək lazımdır. İndi isə Xədicə İsmayılın əməkdaşlıq etdiyi həmin təşkilatlar onun müdafiəsinə qalxıb. Bəs həmin təşkilatlar öz ölkələrində insan haqlarına diqqət yetirirlərmi? Bax, bu da Xədicə İsmayılın sonluğu".
Ədalət mühakiməsindən yayınmaq mümkün deyil...
Göründüyü kimi, Azərbaycan qanunlarını pozmağı özünə peşə seçən X.İsmayılova da məsuliyyətdən yaxa qurtara bilmədi. Məhkəmə zamanı prosesi pozmağa çalışan, şahidlərin ifadələrini özünəməxsus şəkildə təkzib etməyə cəhd göstərən X.İsmayılova yenidən öz ətrafında "şou" düzəltmək istəsə də, buna nail ola bilmədi və ədalət məhkəməsində mühakimə olundu. Bu fakt bir daha onu göstərir ki, ölkə qanunvericiliyini pozan hər bir kəs qanun qarşısında cavab verməyə məhkumdur. Hətta Qərb də Xədicənin cinayəti qarşısında aciz qalır. Hüququn aliliyini prioritet olaraq qəbul edən Azərbaycan dövlətində kimliyindən və peşəsindən asılı olmayaraq heç kim ədalət mühakiməsindən qaça bilməz. Necə ki, X.İsmayılova qaça bilmədi... və dövlətə, xalqa xəyanət yolu tutmuş X.İsmayıl da öz cəzasını çəkməlidir.
R.HÜSEYNOVA