Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı sıralarını ilbəil genişləndirərək, rayonun ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Zərdab rayon təşkilatının gördüyü işlərdən danışarkən deyib. Pərvin Mahmudova qeyd edib ki, YAP Zərdab rayon təşkilatının 5885 nəfər üzvü 64 ilk partiya təşkilatında birləşir: "Partiya üzvlərinin 2710 nəfəri qadınlardan, 3175 nəfəri kişilərdən, 1743 nəfəri isə gənclərdən ibarətdir. Sevindirici haldır ki, partiya sıralarında yeni qəbul edilənlər siyahısına qadınlar və gənclər başçılıq edir. Bütün siyasi kampaniyalarda mütəşəkilliklə və məsuliyyətlə iştirak edən Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı 2015-ci ilin noyabr ayında keçiriləcək növbəti siyasi kampaniyaya-Parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Öz işini YAP Mərkəzi Seçki Qərərgahının rayon (şəhər) şöbələrinin fəaliyyət proqramına uyğun quran rayon təşkilatı seçkiyə hazırlıq mərhələsində nəzərdə tutulan tədbirlərin icrasını yüksək səviyyədə təmin etməkdədir. Belə ki, rayonda nüfuza sahib, seçki prosesində təcrübəsi olan, partiya sıralarında fəallığı ilə seçilən 16 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərərgahının Zərdab rayon şöbəsi yaradılıb. Qərərgah öz fəaliyyətini məqsədəuyğun şəkildə davam etdirir".YAP Zərdab rayon təşkilatının sədri onu da əlavə edib ki, artıq təşkilatımızda qərərgahın fəaliyyəti üçün lazımi şərait yaradılıb: "Bütün texniki avadanlıqla təmin olunmuş otaq ayrılmaqla yanaşı ilkin fəaliyyət istiqamətləri də müəyyənləşdirilib. Məntəqələr üzrə fəallarımızın tərkibi hazırlanıb ki, orada da kimin hansı iş görəcəyinə dair göstərişlər verilib. Rayon üzrə əhalinin məşğulluğunun, onların yerli xüsusiyyətlərinin, ərazinin sosial-iqtisadi problemlərinin, insanları narahat edən, onları maraqlandıran məsələlərin öyrənilməsi, həlli yollarının müəyyənləşdirilməsi istiqamətində də iş aparılaraq ümumi vəziyyəti əks etdirən məlumat bazası hazırlanıb. 92 saylı Zərdab-Ucar dairə seçki komisiyasında və dairənin Zərdab rayonunu əhatə edən 42 məntəqə seçki komisiyasında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin və müşahidəçilərin tərkibi müəyyənləşdirilib. Bütün seçki məntəqələri üzrə seçici siyahıları dəqiqləşdirilib və siyahı üzrə mütəmadi olaraq yenilənmə aparılır. 92 saylı Zərdab-Ucar seçki dairəsinin Zərdab rayonu ərazisindəki 42 seçki məntəqəsi üzrə seçicilərin sayı 34181 nəfər təşkil edir (Dairə üzrə ümumi seçicilərin sayı 40381 nəfər, Ucar rayonu ərazisindəki 6 seçici məntəqəsi üzrə seçicilərin sayı 6200 nəfərdir). YAP tərəfindən 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə irəli sürüləcək namizədlərin dəstəklənməsi üçün imzatoplanma kampaniyası zamanı imza toplayacaq 10 nəfər partiya fəalı müəyyən edilib və siyahı Mərkəzi Seçki Qərərgahına göndərilib".Pərvin Mahmudova onu da bildirib ki, zərdablılar hər zaman Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləyib və bundan sonra da bu kursa sədaqətli olduqlarını nümayiş etdirəcəklər: "Belə ki, zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki prosesində hər zaman yüksək seçki mədəniyyəti və seçici fəallığı nümayiş olunub. İnanıram ki, zərdablılar bu dəfə də ənənəyə sadiq qalacaqlar. Azad, demokratik və şəffaf mühütdə keçiriləcək Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının növbəti dəfə inamlı, parlaq və möhtəşəm qələbə qazanması üçün mütəşəkkilliklə səfərbər olunacaqlar".
sia.az