PDF Oxu

Siyasət

  • 65

Ermənistanda kritik vəziyyət

Ermənistanda kritik vəziyyət

Baş verən hadisələr Sarkisyanın prezidentlik müddətini qısaldır

Hər bir xalqın, cəmiyyətin tarixində çıxılmaz vəziyyətlərə düşdüyü dövrlər olur. "Böyük depressiyalar" yaşanır, aclıq olur, insanlar aclığın və səfalətin qurbanına çevrilirlər. İllərdir işığı görmək ümidi ilə qaranlığa və zülmətə baş vurmuş ermənilər, artıq bu yolun məhvə apardığını yaxşı dərk edirlər, Ermənistan adlı zülmətdən və Sarkisyan adlı axsaq atın kor nalbəndindən canlarını qurtarmaq üçün "öldü var, döndü yox!" devizi ilə oturaq mitinqlər keçirməyə başlayıblar. Bu, isə qaniçən Sarkisyanın prezidentlik ömrünün qısalmasına səbəb olacağı realdır.

Politoloqlar bildirirlər ki, son vaxtlar Ermənistanın paytaxtı Yerevanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələr və prezident Serj Sarkisyanın həyata keçirdiyi uğursuz siyasətə qarşı izdihamlı aksiyaların keçirilməsi qaniçən prezidentin prezidentlik müddətini qısaldır.

Bu barədə Ermənistanın tert.am saytının yaydığı məlumatda bildirilir ki, əllərində Ermənistanın və Avropa İttifaqının bayraqlarını dalğalandıran narazı vətəndaşlar "Serjə yox deyək!", "Bu, bizim deyil, rejimin müharibəsidir", "Silahlardan əl çəkin!", "Rejimin siyasəti ölkəni boşaldır" kimi şüarlar səsləndirirlər. Ermənistan Milli Statistika Xidmətinin son məlumatında deyilir ki, iyun-iyul aylarında elektrik mallarının qiyməti 0,1 faiz, tikinti materialları 0,1 faiz, mebel 0,2 faiz, dərman pereparatları 0,2 faiz, tekstil malları 0,3 faiz, yanacaq 0,4 faiz, dəftərxana məhsulları 1,3 faiz, geyim 1,5 faiz, ayaqqabı 0,6 faiz bahalaşmışdır. Bahalaşma ölkənin bütün regionlarında müşahidə edilmişdir. Ötən ilin iyul ayı ilə müqayisədə ölkədə çörək və un məmulatlarının qiymətləri də artmışdır. Yüksək sort çörək 30,4 faiz, lavaş 0,4 faiz, buğda yarması 0,5 faiz, mannı 0,7 faiz, makaron məmulatları 0,7 faiz, peçenye 1,1 faiz, düyü 1,7 faiz, uşaq yeməyi 3,1 faiz bahalaşmışdır.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu işğalçı ölkənin iqtisadiyyatının və sosial vəziyyətin bərbad gündə olduğunu bildirib: "Bu ölkə iqtisadi islahatlar keçirmək üçün heç bir resursa malik deyil. Əgər elektrik enerjisinin qiyməti artırılmasaydı, yenə də ermənilər başqa səbəblərə görə küçələrə axışacaqdılar. Ermənilərin vəziyyəti çox pisdir. Bütün bunlar Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Hətta baş verən son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə də əlaqədardır. Ermənistan dövləti hələ də işğalçı siyasətindən əl çəkmək fikrində deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti bu siyasətdən əl çəkməyənə qədər regional layihələrdə iştirak etməyəcək. Həmçinin Ermənistan bütün fabrik və zavodlarını ucuz qiymətə Rusiya şirkətlərinə satıb. Üstəgəl rus şirkətləri də həmin zavod və fabrikləri işlətmək marağında deyillər. Elektrik enerjisi də Rusiya şirkətinin əlindədir. Qiymət artımı da həmin şirkətin qərarı ilə həyata keçirilib. Hazırda bu qərar bir müddət ərzində dondurulub. Ermənistan prezidenti mitinqlərdən çəkindiyi üçün belə bir qərar vermək məcburiyyətində olub. Lakin insanlar evlərinə getsələr belə, sabah yeni bir sosial gərginliyin yaranacağı istisna deyil".

Serj Sarkisyanın vəziyyətinin çox ağır olduğunu deyən politoloq bildirib ki, polisin gücü ilə aksiyanı dağıtsa da, artıq erməni xalqı bugünkü hakimiyyətə qarşı daha israrlıdır: "Belə bir ağır vəziyyətdə Ermənistan prezidentinin yeganə dayaq nöqtəsi Rusiyadır. Rusiya Ermənistana silah almaq üçün 200 milyon dəyərində kredit ayırıb. Həmçinin, Rusiya şirkəti də elektrik enerjisində guya güzəştə getdi. Şirkət qiymət artımını yalnız bir neçə aylığa dondurub. Yəni həmin şirkət elektrik enerjisinin tarifində heç bir dəyişiklik etməyib. Elektrik enertjisinin bahlaşması ermənilərin yeganə problemi deyil. Ermənistanda həyatın bütün sahələrində vəziyyət gərgindir. Artıq Sarkisyanın manevr etmək qabiliyyəti zəifləyib. Baş verən olaylar onu göstərir ki, S.Sarkisyanın prezidentlik müddəti vaxtından qabaq bitəcək".

Ermənistan hakimiyyəti öz xalqına da aqressivdir

Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyata keçirilir. Son dövrdə Ermənistanın üzləşdiyi qaz problemi artıq ölkədə digər problemləri də üzə çıxartmaqdadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Buna paralel olaraq ictimai-siyasi kataklizmlər daha da güclənməkdədir. Ermənistan mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.

Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədə müvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir.

"Joxovurd" qəzeti yazır ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə ölkənin dövlət borcu 4 milyard 441 milyon 554 min dollardır. Bildirilir ki, təkcə 2014-cü ilin dekabr ayında dövlət borcu 26 milyon 847 min dollar artıb: "Bu borcların 3 milyard 785 milyon 208 min dolları xarici borcdur. 2014-cü ilin son ayında xarici borc isə 81 milyon 598 min dollar artıb. Həmçinin, 2015-ci ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin dekabr ayı ilə müqayisədə 4,5 faiz bahalaşıb".

İşğalçı ölkə mətbuatının digər bir məlumatına görə, 2014-cü ildə Ermənistanda işsizlərin sayı 2013-cü illə müqayisədə 18 faiz artıb. Təbii ki, bütün bu hallar miqrasiya dalğasını sürətləndirir. Erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı ermənilər arasında miqrasiya hallarının artması ilə bağlı həyəcan təbili çalındığını qeyd edib. Nəşr Ermənistan Dövlət Statistika İdarəsinin rəsmi məlumatına istinad edərək yazır ki, təkcə 2014-cü ildə 47 min erməni xarici ölkələrə miqrasiya edib. Miqrasiya hallarının 2013-cü illə müqayisədə 12 faiz artdığı və bunun Ermənistan üçün əsl faciə olduğu, Serj Sarkisyanın hakimiyyətdə olduğu 7 il ərzində 330 min erməninin ölkəni tərk etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, siyasi xaos və iqtisadi böhran içində olan Ermənistanı tərk edən əhalinin 22 mini ölkə vətəndaşlığından imtina edib. Nəticədə, "Böyük Ermənistan" indi artıq kənd-kənd boşalır. Ermənistan milli konqresinin nümayəndəsi Vahan Xaçaturyan jurnalistlərlə görüşündə iqtisadi şəraitin dözülməzliyi barədə demişdir ki, bu ölkənin iqtisadiyyatında hər hansı müsbət irəliləyişdən belə söhbət gedə bilməz.

Ermənistan parlamentinin sabiq spikeri Karapet Rubinyan da vəziyyətin təhlükəli həddə çatdığını bildirir, ölkənin ağır-sosial iqtisadi böhrana yuvarlanmasının kökündə hakimiyyətin yanlış siyasətinin və məmurların biznes maraqlarının durduğunu vurğulayır. Sabiq spiker bildirir ki, əgər hakimiyyət xalq tərəfindən özünə qarşı etimad görmək istəyirsə, korrupsiya hallarına qarşı mübarizə aparmalıdır: "Lakin belə mübarizənin indiki hakimiyyət dövründə heç vaxt olmayacağı şübhəsizdir. Çünki qanunazidd olaraq deputatların bizneslə, inhisarçılıqla məşğul olmasına Serj Sarkisyan iqtidarı özü şərait yaradır. Elə hakimiyyətin digər qollarındakı məmurlar da iri biznesin əsas təmsilçiləridir. Buna görə də Sarkisyan kimi prezidentin və onun quldurlarının belə hallara qarşı hansısa addımlar atacağını düşünmək sadəlövhlük olardı. İndi xalq ya bu cinayətkar rejimdən xilas olmalıdır, ya da onun öz qanunsuz əməllərinin miqyasını necə genişləndirməsinə şahidlik etməlidir".

Beləliklə, bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi artıq S.Sarkisyan iqtidarına əlvida deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüququnu, nəyin bahasına olursa-olsun, bərpa edəcəyinə ümid edir.

A.SƏMƏDOVA

Digər xəbərlər