Zahid Oruc: "Ermənistan tərəfi Rusiyanın rəhbər şəxslərindən birinin bölgəyə gəlişini gülləbaranla qarşılayır "
Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə olub. Bəzi ekspertlər iddia edirlər ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial və konkret məsələlər müzakirə olunub. Bu baxımdan sual yaranır ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində konkret mövqe ortaya qoya biləcəyi nə dərəcədə gözləniləndir? Millət vəkili Zahid Oruc "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Sergey Lavrovun səfəri cəbhədə çox böyük atəş səsləri ilə müşayiət olunub: "Təbii ki, bu, təəssüf doğurur. Düşünmürük ki, bu, Moskvadan verilmiş tapşırıqla həyata keçirilir. Lakin görünən budur ki, Ermənistan tərəfi Rusiyanın rəhbər şəxslərindən birinin bölgəyə gəlişini gülləbaranla qarşılayır. Eyni zamanda da, Rusiya rəhbərliyi Ermənistan tərəfini şantaj etməyə çalışır. Onların əllərində olan resurslar kifayət qədər tükənib və ölkə içərsində siyasi hakimiyyət uğrunda mübarizə son dərəcədə amansız şəkil alıb. Ona görə də, çalışırlar ki, Rusiyadan daha çox iqtisadi, maliyyə və hərbi yardımlar əldə etsinlər".
Millət vəkili onu da bildirdi ki, Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə hər hansı məxfi sənədlərin Sergey Lavrov vasitəsilə Prezidentlə görüşdə danışıqlar masasına qoyulması mümkün idi: "Buna qədərki dövrdə də bəlli informasiyalar sızmışdır ki, rayonlar qaytarıla və kommunikasiyaların bərpasından sonra bölgədə vəziyyət dəyişə bilər. Bu da Rusiyanın maraqlarına çox uyğun olardı. Çünki Ukranya cəbhəsində dünya ilə toqquşan bir dövlət Qafqaz zolağında sülhməramlı bir obrazda tanına bilərdi. Bu da onun xeyrinə işləyirdi. Ancaq konkret olaraq danışıqların detallarını bilmədiyimizdən, yalnız məsələnin əsas hissəsinin Dağlıq Qarabağa yönləndiyi haqda məlumat almışıq. Bu gün regionda, xüsusilə, Qərbin Qafqaza yönəldilmiş planlarının genişlənməsi və dərinləşməsi, NATO rəhbərliyinin Gürcüstana səfəri və bundan da irəli gedən başqa məxfi məsələlər Rusiyanın 2-3 addımının Azərbaycanın xeyrinə dəyişməsinə səbəb olur. Bu, o deməkdir ki, dövlətimizin rəhbərinin dilindən bir sıra məsələlərə münasibət öyrənilib. Azərbaycan-Rusiya əlaqələrinin strateji xarakter daşıdığının, müttəfiqlik münasibəti olduğunu bəyan edir və bununla da müxtəlif dairələrə siqnallar göndərilir. Sergey Lavrovun səfəri bütövlükdə əhəmiyyətli idi. Bu, bizim dövlətimizin strateji mənada mövqeyinin əhəmiyyətli olduğunun sübutudur. Azərbaycan beynəlxalq və regional siyasətdə aktiv bir oyuncu və tərəfdir. Ona görə də, bundan sonra Qarabağ siyasətində, atəşkəsdə köklü dəyişikliklər baş verərsə, deməli, bu məsələlərlə bağlı görüşlərdə danışılıb və razılıq əldə olunub. Yox, əgər bu proses əvvəlki axarında davam edərsə, deməli, burada müzakirə edilən məsələlərin istiqaməti fərqli olub".
GÜLYANƏ