"Bu səfər Dağlıq Qarabağ probleminin həllinə müəyyən qədər təsir edəcək". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edərkən deyib.Aydın Mirzəzadə bildirib ki, Rusiya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri bu ölkənin Azərbaycanla əlaqələrinə xüsusi əhəmiyyət verdiyini vurğulayır: "Bu gün Azərbaycan Rusiya üçün sadəcə qonşu bir dövlət deyil. Azərbaycan regionda lider statusu daşıyan və inkişaf edən bir ölkədir. Azərbaycanın mövqeyi bir çox məsələlərdə Rusiya üçün çox vacibdir.Rusiya regionun bir çox məsələlərinin həllinə istiqamət verən bir dövlətdir. Həmçinin Dağlıq Qarabağ probleminin həlli Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın mövqeyindən çox asılıdır. Onun Ermənistanla strateji müttəfiqliyi, orada hərbi bazasının olması Dağlıq Qarabağ probleminin həllinə təsir edən faktorlardır".Lavrovun Prezident İlham Əliyevlə görüşü zaman Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğunu xatırladan millət vəkili hesab edir ki, bu səfər Dağlıq Qarabağ probleminin həllinə müəyyən qədər təsir edəcək: "Azərbaycanın inkişafı barədə Sergey Lavrovun məlumatlandırılması Azərbaycanla bağlı bir çox məsələlərdə Rusiyanın mövqeyinin dəyişməsinə səbəb olur. Bu, tərəflər arasında danışıqların intensivləşdirilməsinə, problemin həllinə, Rusiyanın da maraqlarına ciddi təsir etməsi anlamına gəlir".
sia.az