İlham Əliyev: "Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər"
Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu torpaqları özünə birləşdirmək və müxtəlif yollarla ölkəmizə təzyiq etmək üçün hər zaman müxtəlif variantlara əl atır. Belə ki, sərhədlərimizdə təxribat törədən helikopterlər, pilotsuz aparatlar ordumuzun sayıq keşikçiləri tərəfindən məhv edilsə də erməni həyasızlığı bu gün də davam edir. Atəşkəsi mütəmadi olaraq gün ərzində orta hesabla 60-100 dəfə pozan ermənilərin bütün cəhdlərinin qarşısı qətiyyətlə alınır, silah-sursatları, hərbi avadanlıqları məhv edilir, itki verərək geri çəkilirlər. Daxili çəkişmələrin, mitinq və aksiyaların gücləndiyi bir zamanda təmas xəttində qarışıqlıq yaratmaqla diqqəti başqa istiqamətə yönəldən Serj Sarkisyan hakimiyyəti bununla iqtidarlıq müddətini uzatmağa çalışsa da, cəbhədə həlak olmuş əsgərlərin analarının iştirakı ilə keçirilən etiraz mitinqlərində dəfələrlə bildirildi ki, öldürülən əsgərlər üçün cavabdeh elə Sarkisyanın özüdür və bunun üçün məsuliyyət daşımalıdır.
Erməni ordusu çoxsaylı itkilərdən yaxa qurtara bilmir
Ermənistanın təxribat-kəşfiyyat qrupunun törətdiyi hadisələrlə bağlı Ağdamda hərbçilərlə görüşən Prezident, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərimizin sayıqlığından, düşmənə layiq olduğu cavab vermək şücaətindən razı qaldığını bildirərək vurğuladı ki, Azərbaycan iqtisadi qüdrəti ilə fərqlənən bir dövlət kimi möhkəmlənib, Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, müstəqil ölkəmizin milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadirdir. Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə daim hazır olduqlarını bildirən əsgər və zabitlərin peşəkarlığının, hərbi hazırlığının gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin davam etdiriləcəyini, Ali Baş Komandanın əmrini gözlədiklərini, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizi azad etmək üçün hazır olduqların bildirən hərbçilər Vətənə ləyaqətlə xidmət etməklə bağlı, andlarına sadiqdirlər. Ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir. Əsgər və zabitlərin döyüş potensialı, bacarığı artır, ordunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.
Qaradağ rayonunda Hərbi-Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışında nitq söyləyən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, bu gün miskin vəziyyətdə olan Ermənistandan fərqli olaraq Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır: "Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq".
Ali Baş Komandan, ölkə Prezidenti Ermənistan tərəfinin Ermənistan tərəfinin təxribatlarının daha çox itki verməsinə səbəb olduğunu da bildirib: "Bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər."
Qisasa çağırış: Sarkisyanın müraciəti
Ancaq qaniçən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun təcavüzkara layiqli cavabını tamamilə başqa məzmunda təqdim etməyə çalışır. Burada açıq hiss olunur ki, Yerevan çaşqınlıq içindədir. O, cəmiyyətdəki problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif təxribatlara əl atır. Prezident S.Sarkisyan hər hansı münaqişəli vəziyyətə qisas almaqla cavab verəcəklərini bəyan edir. Aydındır ki, o, Azərbaycan ordusunun cavab atəşi ilə düşməni susdurmasını "münaqişəli vəziyyət" adlandıraraq erməni silahlı qüvvələrinin təxribatlarını "qisas əməliyyatı" kimi qələmə verməyə çalışır.
Əslində, bunlar yenilik deyil - rəsmi Yerevan həmişə bu cür hərəkətlər edib. Ancaq məsələ burasındadır ki, xüsusilə də, Gümrüdə bir rus əsgərinin erməni ailəsini güllələməsi iqtidara qarşı etirazları yeni səviyyəyə qaldırıb. İnsanlar Ermənistanın müstəqil olmadığını, kənar təsirlər altında qaldığını deyirlər. Hətta keçmiş prezident R.Koçaryan da iqtidarı günahlandıraraq vəziyyətin getdikcə daha da ağırlaşdığını vurğulayıb. Şübhəsiz, bu kimi ittihamlar bütövlükdə ölkədə sosial-siyasi vəziyyəti daha da gərginləşdirə bilər.
Beləliklə, həmişə olduğu kimi, Ermənistan regionda cərəyan edən geosiyasi proseslərdən yanlış nəticələr çıxarır. Azərbaycanın uğurlar əldə etməsi, o cümlədən Prezident İlham Əliyevin yeritdiyi uğurlu ordu quruculuğu siyasətinin konkret bəhrələrini verməsi Yerevanı çox narahat edir. Ermənilərin özləri də vurğulayırlar ki, Azərbaycan ordusu ən yeni silahlar əldə edib. Ancaq Ermənistan isə, öz zəifliyini ört-basdır etmək üçün düşmən müxtəlif iftiralar uydurur, təxribatlar törədir, haqq və ədalətdən çəkinirlər. Ancaq bunun da əbədi olmadığını bilməlidirlər.
A.SƏMƏDOVA