Dünən Daşkəsən rayon icra hakimiyyətinin inzibati binasında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Konfransı Daşkəsən rayon icra hakimiyyətinin başçısı cənab Əhəd Abıyev çıxış edərək yeni dərs ilinin başlanılması münasibətilə bütün təhsil işçilərini təbrik edərək, konfransın işinə uğurlar arzulayıb. Ə.Abıyev son illər ərzində rayonda 10-a dək yeni məktəbin inşa olunduğunu və onlarla məktəbin əsaslı təmir edildiyini bildirib: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrəti durmadan yüksəlir, insanların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi respublikamızın hər yerində tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət guşələrinin yaradılmasına yeni mədəni və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin, mədəniyyətinin dünya səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirdi. Avropanın 50-dən artıq ölkəsinin idmançılarının, jurnalistlərinin və turistlərinin gözü qarşısında həyata keçirilən böyük və maraqlı tədbirlər hamını heyran qoydu. Son illər ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında,şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır."
Daşkəsən rayon rəhbəri qarşıdan gələn parlament seçkiləri ilə bağlı rayonda böyük əhval-ruhiyyə oldutunu bildirib: "Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevə olan ümumxalq sevgisi belə bir fikir söyləməyə əsas verir ki, daşkəsənlilərin seçimi Yeni Azərbaycan Partiyasının daha çox üstünlük əldə etməsidir".
Konfransda Daşkəsən rayon təhsil şöbəsinin müdiri Nazim Verdiyev hesabat məruzəsi ilə çıxış edərək təhsil islahatının uğurla həyata keçirildiyini, rayonda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirib.
Tədbirdə təhsil nazirliyinin məsul işçisi Ceyhun Mirzə, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Üfət Abdiyeva, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin əməkdar müəllimi Duman Mahmudova, Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov, rayon gənclər və idman idarəsinin rəisi Samir Həsənov çıxış edərək ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışaraq, bütün müəllimlərə uğurlar arzulayıblar.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
R.HÜSEYNOVA