"Ermənistan prezidenti Serj Sarkisyanının Rusiyaya səfəri çərçivəsində danışıqların əsasını iki məsələ təşkil edə bilər. Birincisi Rusiyaya Qərbin tətbiq etdiyi davamlı və getdikcə sərtləşən sanksiyalar, ikincisi isə ölkə iqtisadiyatında yaranan ciddi problemlər". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli açıqlamasında deyib.Elman Nəsirli qeyd edib ki, rus rublu yenidən özünün ağır günlərini yaşayır: "Ermənistan iqtisadiyatı Rusiyadan total asılı vəziyyətdə olduğundan, heç şübhəsiz, bu proses ilk növbədə işğalçı dövlətin onsuz da ağır maliyyə-iqtisadi vəziyyətinə sarsıdıcı zərbə endirmiş olur. Qarşıdan payız-qış mövsümü gəldiyindən Ermənıstandakı böhran xaos halına keçə bilər. Bu perspektiv S.Sarkisyanın məlum səfərini şərtləndirən əsas amillər sırasındadır. İkincisi, bu səfər Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xətində özlərinin yaratdıqları təxribatlara Azərbaycan ordusunun sarsıdıcı cavab addımları ilə bağlıdır. Düşmən böyük itkilər verir, təlaş içindədir. Düşmən qorxur. Elə bunun təsdiqi kimi, qorxaqlara məxsus addımlar atır. İndi dinc əhalini hədəfə alıb. Azərbaycan tərəfi bu vəhşiliyin cavabsız qalmayacağını bəyan edib. Düşmən qorxu altında yerli əhalisinin təxliyəsini həyata keçirir. Qətiyyən şübhə etmirik ki, təxliyə edilən erməni əhalisi bir də həmin yerlərə qayıtmayacaq. Özlərinin də qeyd etdikləri kimi "bu lənətlənmiş ölkəni" birdəfəlik tərk edəcəklər. Azərbaycan silahlı qüvvələrinin yeni iri miqyaslı hərbi təlimlərə başlaması S.Sarkisyanın yuxusuna haram qatıb. Bax beləcə "yuxusuzluq sindiromu" ilə mübarizədə səhhətində son zamanlar ciddi problemlər baş qaldıran S.Sarkisyan Moskvaya üz tutub. Onun bu addımını Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gözlənilməz səfəri bir qədər də tezləşdirib. Məlum olan odur ki, Ermənistan prezidenti təlaş içindədir. O qorxur ki, Moskva bu dəfə "göz yaşlarına inanmasın".
sia.az